Orbanın qardaşı işində axtarış
Macarıstanda Milli İstintaq Bürosu və Milli Aktivlərin Geri Qaytarılması və Qorunması İdarəsi noyabrın 9-da Budapeşt və Peşt vilayətində insanların sərhəddən qanunsuz keçirilməsi işi üzrə axtarışlar aparıb, bir neçə nəfər saxlanılıb. “Kontroll” nəşri saxlanılanlar arasında keçmiş Baş nazir Viktor Orbanın kiçik qardaşı Aron Orbanın ola biləcəyini yazıb. Polis saxlanılanların adlarını açıqlamayıb.
Baş nazir Peter Madyar Facebook-da mətbuat xəbərlərinə istinadla Aron Orbanın qaçaqmalçılıq şübhəsi ilə saxlanıldığını yazıb. “Meduza”nın qeyd etdiyinə görə, “Kontroll” Madyarın qardaşı Marton Madyara məxsusdur. “Telex” nəşri mənbələrə istinadla axtarışın Aron Orbanın şirkəti ilə bağlı evdə aparıldığını yazır, mənbələr onun saxlanılıb-saxlanılmadığını bilmədiklərini deyib.
OCCRP araşdırma mərkəzinin yazdığına görə, Viktor Orban Facebook-da qardaşının saxlanıldığını dolayısı ilə təsdiqləyib və əməliyyatı hökumətin “agent qalmaqalı”ndan diqqəti yayındırmaq üçün “siyasi hesablaşma” adlandırıb: “Bu çirkli oyunda məqsəd siyasi rəqibi aradan götürmək və birpartiyalı sistem qurmaqdır. Hədəf mənəm, qardaşım sadəcə alətdir”. Madyar cavabında Orbanı məsuliyyətdən yayınmaqda və qurban rolu oynamaqda ittiham edib.
“Telex” bir il əvvəl Aron Orbanın Vyetnam vətəndaşlarına qanunsuz viza verilməsi sxemində iştirak etdiyi barədə araşdırma dərc etmişdi. Orbanın “Fidesz” partiyası 16 illik hakimiyyətdən sonra 2026-cı ilin aprelində parlament seçkilərində məğlub olub, hakimiyyətə Madyarın “Tisza” partiyası gəlib.


