Ağalarovun Esvatini vədi
“Sea Breeze” layihəsinin sahibi, iş adamı və müğənni Emin Ağalarov Esvatinidə istehsal zavodlarının inkişafı üçün 1,65 milyard lilangeni, yəni təxminən 100 milyon dollar ayırmağı öhdəsinə götürüb. “Times of Eswatini” qəzetinin yazdığına görə, Ağalarov bunu noyabrın 7-də Ezulvinidəki Kral Teatr Gecəsi zamanı açıqlayıb. Afrikaya ilk səfərini edən iş adamı “bu, indi mənim ikinci evimdir” deyib.
Cənubi Afrikanın kiçik krallığının monarxı III Msvati vədi alqışlayıb, amma Esvatinidə əvvəllər böyük layihələr elan edib sözünü tutmayan investorların olduğunu da xatırladıb. “Azərbaycanda etdiklərini gördüyüm üçün çox əminəm”, - kral deyib. Qəzetin yazdığına görə, kral Ağalarovu zarafatla “Eminem” adlandırıb.
Vəd III Msvatinin may ayında Azərbaycana səfərindən sonra gəlib. Səfər zamanı kral prezident İlham Əliyevin təşkil etdiyi görüşlərdə investorlarla danışıb, Xəzər sahilindəki “Sea Breeze” kurort kompleksinə baş çəkib. Emin Ağalarov Moskvanın “Crocus Group” şirkətinin qurucusu Araz Ağalarovun oğludur.
Hansı zavodların harada tikiləcəyi və vəsaitin nə vaxt ayrılacağı bildirilməyib. Esvatini Afrikanın sonuncu mütləq monarxiyası sayılır.


