17 yaşlı etirazçının hekayəsi

Xaricdə yayımlanan “Iran International” telekanalı ailəyə yaxın mənbəyə istinadla yazır ki, yanvar etirazları zamanı öldürülən 17 yaşlı Məhəmməd-Parsa Əmini 2022-ci ildəki “Qadın, həyat, azadlıq” etirazlarında iştirak etdiyinə görə 13 yaşında təhlükəsizlik qüvvələri tərəfindən qaçırılıb və işgəncəyə məruz qalıb.

Mənbənin sözlərinə görə, Əmini məktəb etirazlarında və din adamlarının əmmaməsini başından salmaq aksiyasında iştirak etdiyi üçün dəfələrlə saxlanılıb, dindirilib. Bir dəfə Fərdisdə evinin yaxınlığındakı dalanda dörd maskalı onu yerə yıxıb, ağzını qapayıb, maşına mindirib. Mənbə deyir ki, onu yolda döyüb təhqir edib, başından və üzündən yaralayıb, ağzına həb qoyublar, sonradan ailəsi evini dəyişib.

Telekanalın məlumatına görə, Əmini 8 yanvar axşamı etiraza gedib, ailəsinə “Mənim qanım heç kimin qanından qiymətli deyil” deyib. O, həmin gecə yaralı etirazçıya kömək edərkən təhlükəsizlik qüvvələri tərəfindən vurulub, Kərəc yaxınlığındakı Fərdisdə klinikada ölüb. Mənbəyə görə, tibb bacısı ailəyə zəng edib meyiti təhlükəsizlik qüvvələri götürməmiş aparmağa çağırıb, dəfn icazəsi beş gün çəkib.

İran məhkəmə orqanları noyabrın 8-də Kərəcdə yanvar etirazları zamanı saxlanılan Həsən Divbənd, Həmid Kazımi və Rza Zəngənənin edam edildiyini açıqlayıb. Məşhəddə də etirazçılara yeni ölüm hökmləri çıxarıldığı bildirilir. BMT-nin faktaraşdırma missiyası yanvar repressiyalarını insanlığa qarşı cinayət adlandırıb.

Leave A Reply