Finlandiyada rus idmançılara qapı

Finlandiya hökuməti noyabrın 12-də rusiyalı idmançıların ölkəyə girişini məhdudlaşdıran qərar qəbul edəcək. “Yle” telekanalının yazdığına görə, Xarici İşlər Nazirliyi təcili olaraq viza siyasətində yeni sərtləşmə hazırlayır. Ölkəyə girişin məhdudlaşdırılması barədə prinsipial qərara edilən dəyişiklik rusiyalı idmançıların qısamüddətli iş vizası almasının qarşısını almağa yönəlib.

“Yle”nin məlumatına görə, artıq verilmiş vizaların geri alınması və ya ləğvi planlaşdırılmır. Bu ay Finlandiyada rusiyalı idmançıların iştirak etməsi nəzərdə tutulan yarışlar var: Helsinkidə NHL oyunları, 20-21 noyabrda fiqurlu konkisürmə yarışı və 27-29 noyabrda Ruka kurortunda xizək üzrə Dünya Kuboku mərhələsi.

Rusiyalı idmançıları yarışlara buraxmamaq planlarından əvvəl Baş nazir Petteri Orpo danışmışdı. Finlandiya Rusiya ilə sərhədini 2023-cü ildən bağlı saxlayır.

Rusiyalı idmançıların beynəlxalq yarışlara qayıdışı Avropada mübahisə yaradır. Beynəlxalq Xokkey Federasiyasının Şurası noyabrın 7-də Rusiyanı gənclər dünya çempionatına daxil etdikdən sonra Norveç yığması turnirdən çıxarılıb.

Leave A Reply