Epşteyn hesabatı
ABŞ Nümayəndələr Palatasının respublikaçıların rəhbərlik etdiği Nəzarət Komitəsi Epşteyn və onun uzunmüddətli tərəfdaşı Gislen Maksvell barədə cinayət araşdırmalarının “onilliklər boyu” düzgün aparılmadığını bildirib. Noyabrın 10-da yayılan yekun hesabata görə, Epşteynin 2005-ci ildən sonra törətdiyi cinayətlərin qarşısı federal müstəntiq və prokurorların “uğursuzluqları” olmasaydı alına bilərdi.
BBC-nin yazdığına görə, hesabat 15 ay ərzində toplanan ifadələr, dövlət sənədləri və maliyyə qeydləri əsasında hazırlanıb. Sənəddə deyilir ki, Floridanın cənub dairəsi üzrə ABŞ Prokurorluğu digər ştatlardakı iddiaları tam araşdırmaq əvəzinə 2007-ci ildə Epşteynlə razılaşmaya gedib və bu, ona federal ittihamdan yayınmağa imkan verib. Komitənin fikrincə, bəzi uğursuzluqlar Epşteynin “geniş təsir” imkanları ilə bağlı olub.
Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsxana kamerasında, insan alveri ittihamı ilə məhkəməni gözləyərkən ölüb. Komitə bunu kadr çatışmazlığı, yorğun işçilər, zəif qeydiyyat və təhlükəsizlik qaydalarına laqeyd yanaşma kimi “institusional uğursuzluqlar” ilə izah edir. Hesabat “American Express” kimi maliyyə qurumlarının saxta uçuş marşrutları ilə xarici işçilərin sərhəddən keçirilməsinə şərait yaratdığını da iddia edir. BBC şirkətdən şərh istəyib.
Komitənin sədri, respublikaçı Ceyms Komer Ədliyyə Nazirliyini əsas şahidləri yenidən dindirməyə və zərərçəkənlərin sənədlərə çıxışını təmin etməyə çağırıb. Hesabat demokratları Donald Trampı işə qarışdırmaq üçün “əsassız cadugər ovu” aparmaqda ittiham edir. Trampın adı Epşteyn sənədlərində dəfələrlə keçir, BBC-nin qeyd etdiyi kimi, bu, hüquq pozuntusuna işarə deyil.


