Moskva-Kişinyov diplomatik gərginliyi

Rusiya Xarici İşlər Nazirliyi noyabrın 10-da Moldovanın Moskvadakı səfiri Lilian Dariyi çağıraraq ona etiraz notası təqdim edib və Moldova səfirliyinin bir əməkdaşını arzuolunmaz elan edib. Nazirliyin saytında yayılan açıqlamaya görə, bu, qarşılıqlılıq prinsipi ilə atılan addımdır.

Moldova hakimiyyəti oktyabrın 23-də Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını ölkə ərazisində partlayıcı daşıyan pilotsuz uçuş aparatının qalıqlarının tapılması ilə əlaqədar arzuolunmaz şəxs elan etmişdi. Rusiya XİN bunu “formal bəhanə” adlandırıb, dronun Rusiya mənşəli olduğuna dair sübut olmadığını iddia edib.

Moskva Kişinyovun addımını “növbəti qeyri-dost addım” adlandırıb və onun əsl məqsədinin “Rusiya-Moldova münasibətlərinin daha da dağıdılması” olduğunu bildirib. Moldova Rusiyanın Ukraynaya hücumları zamanı dronların və raket qalıqlarının dəfələrlə öz ərazisinə düşdüyünü bəyan edib. Kişinyov Avropa İttifaqına üzvlük kursu tutur və Moskva ilə münasibətləri gərgindir.

Leave A Reply