Alman bankının sızan sirləri

Almaniyanın ən böyük bankı “Deutsche Bank”dan 15 milyondan çox daxili sənəd sızıb. “Der Spiegel” jurnalının yazdığına görə, sənədlərin arasında 9 milyondan çox elektron məktub, hesabat, təqdimat və təqvim qeydləri var. Məlumatları məlumat ifşaçıları Cənubi Afrika və Hindistandan olan jurnalistlər vasitəsilə dünyanın 50-dən çox mediasına çatdırıb, “Inside Deutsche Bank” adlı araşdırma üzərində bu ilin yazından 200-dən çox jurnalist işləyib.

“Der Spiegel” yazır ki, sənədlərdə təkrarlanan bir qəlib görünür: bankın daxilindəki xəbərdarlıqlar və narahatlıqlar dəfələrlə nəzərə alınmayıb ki, problemli əməliyyatlar davam etsin və ya yeni müştərilər qəbul edilsin. Araşdırma dərc olunandan sonra bankın səhmləri noyabrın 17-də səhər birjada 6 faizədək ucuzlaşıb.

Araşdırmada iştirak edən “Vajnıye istorii” və “The New York Times”ın yazdığına görə, 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ Ədliyyə Nazirliyi bankdan varlı rus müştəriləri barədə sual soruşmağa başlayıb, bank isə 2018-ci ildən “Rusiya ilə bağlı” böyük müştərilərini İsveçrə və Lüksemburqdakı bölmələrinə keçirib. Bankın 2020-ci ilin noyabrında hazırladığı daxili sənədə görə, onun 160 böyük rus müştərisindən 17-si ABŞ Maliyyə Nazirliyinin “Kreml siyahısı”nda olub və bank Rusiya müştərilərindən gələn gəlirin 47 faizini bu 17 nəfərdən qazanıb.

Jurnalistlər yazır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra ABŞ prokurorları bankdan sanksiyalı rus müştərilərinin adlarını və hesablarındakı qalığı tələb edəndə bank İsveçrə və Lüksemburqdakı müştərilərin məlumatını bank sirri səbəbindən verməyib. Sanksiyalı iş adamlarının 50 faizdən az payına sahib olduğu şirkətlər haqqında da məlumat verilməyib. “The New York Times”ın yazdığına görə, bu, Oleq Deripaskanın bəzi aktivlərinin açıqlanmamasına imkan verib. Bankın müştəriləri arasında Roman Abramoviç, Andrey Melniçenko, Əlişir Usmanov, Aleksey Mordaşov və Gennadi Timçenkonun da adı çəkilir.

“Financial Times”ın yazdığına görə, “Deutsche Bank” 2019-cu ildə ABŞ-nin maliyyə nəzarəti orqanlarına cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Ceffri Epşteynlə bağlı ümumilikdə 582 milyon dollarlıq köçürməni şübhəli əməliyyat kimi bildirib. Bu, əvvəl məlum olan rəqəmlərdən xeyli çoxdur. Söhbət qadınlara edilən ödənişlərdən, xeyriyyə ianələrinin təyinatı üzrə xərclənməməsi şübhəsindən və varlı şəxslərdən gələn köçürmələrdən gedir. Epşteyn 2013-2018-ci illərdə bankın müştərisi olub, bank bununla bağlı artıq 225 milyon dollar cərimə və təzminat ödəyib.

“Deutsche Bank” sənədlərin həqiqiliyini inkar etmir. Bank bildirib ki, təsvir olunan hadisələrin çoxu illər əvvələ aiddir və nəzarət orqanları ilə həll olunub, 2019-2025-ci illərdə nəzarət sistemlərinə 7 milyard avro sərmayə qoyulub. Bank rus müştərilərin İsveçrə və Lüksemburqda cəmləşdirilməsini kapitalın idarə edilməsi sahəsində iş modelinin bir hissəsi adlandırıb və onların bütün tələb olunan yoxlamalardan keçdiyini deyib.

Leave A Reply