Qızıl şirkəti iki sahədən çəkilir
Azərbaycanda qızıl və mis hasil edən “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcəyini açıqlayıb. Şirkətin noyabrın 19-da yaydığı məlumata görə, hər iki sahə Azərbaycan hökumətinə qaytarılacaq.
Hasilatın pay bölgüsü sazişinin şərtlərinə əsasən, Qoşa üzrə hasilat hüququnun müddəti artıq başa çatıb, Ordubad üzrə isə yaxın vaxtlarda bitəcək. Şirkət layihə portfelini nəzərdən keçirdikdən sonra qarşıdakı illərdə bu sahələrə əlavə vaxt və vəsait ayırmağı məqsədəuyğun saymayıb. Açıqlamaya görə, hər iki sahə şirkətin hazırkı hasilat obyektlərindən uzaqdadır və orada digər sahələrdəki kimi hazır infrastruktur yoxdur.
“Anglo Asian Mining” rəhbərliyinin və sərmayəsinin əsas diqqəti Xarxar və Qaradağ mis layihələrində hasilata başlamağa yönələcək, geoloji kəşfiyyat isə mövcud hasilat sahələrinin genişləndirilməsinə ayrılacaq. Şirkət hazırda sazişə zəruri dəyişiklikləri hökumətlə razılaşdırır; dəyişikliklər razılaşdırıldıqdan sonra Milli Məclisin təsdiqinə təqdim olunacaq. Şirkət gələcəkdə bu sahələr üzrə hüquqları yenidən əldə etmək üçün müraciət edə biləcəyini də bildirib.


