SSRİ bayrağına görə həbs

Bakı Apellyasiya Məhkəməsi sosial şəbəkələrdə kommunist ideologiyasını təbliğ edən materiallar yaymaqda və SSRİ bayraqları ilə yürüş etməyə cəhddə ittiham olunan dörd nəfərin apellyasiya şikayətini təmin etməyib. Prosesi izləyən APA agentliyinin məlumatına görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda Nizami Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Həmin hökmlə İbrahim Əsədli və Abdulla İbrahimli 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə 1,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə ittiham olunublar.

2025-ci ilin noyabrında sosial şəbəkələrdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərdiyi videogörüntülər yayılmışdı. Daxili İşlər Nazirliyi bu dörd nəfəri təşkilatçı kimi müəyyən edərək saxlamış, məhkəmə onlar barəsində üç ay müddətinə həbs qərarı seçmişdi.

Leave A Reply