Uşaq Fondu ofisdən çıxarılır
Azərbaycan Uşaq Fondu “Hökumət evi”ndə yerləşən ofisinin bir hissəsindən çıxarılıb. Fond sədrinin birinci müavini və icraçı direktoru, musiqiçi Zəhra Bədəlbəyli noyabrın 20-də Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının onlara heç bir sənəd təqdim etmədən ofisi boşaltmağı tələb etdiyini deyib. Bədəlbəyli iki ay əvvəl də video müraciətində Fondun ofisinin əlindən alınacağını bildirmişdi.
Əmlak Məsələləri Dövlət Xidməti isə bu barədə mediada yayılan məlumatların reallığı təhrif etdiyini bildirib. Qurumun açıqlamasına görə, tarixi memarlıq abidəsi olan “Hökumət evi”ndə aparılan monitorinqlər zamanı Fondun ayrılmış sahədən təyinatı üzrə səmərəli istifadə etmədiyi, sahənin yalnız bir hissəsini işlətdiyi müəyyən edilib.
Dövlət Xidmətinin sözlərinə görə, Fond üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəməyib və 2026-cı il üçün kommunal-istismar müqaviləsini rəsmiləşdirməkdən imtina edib. Qurum Fondun nümayəndələrinə dəfələrlə xəbərdarlıq edildiyini, lakin heç bir tədbir görülmədiyini bildirib.
Açıqlamada deyilir ki, buna görə Fonda ayrılmış sahənin bir hissəsi boşaldılıb, Fondun əşyaları onun nümayəndələrinin iştirakı ilə, heç bir zərər yetirilmədən sahənin digər hissəsinə köçürülüb. Uşaq Fondu Dövlət Xidmətinin borc barədə iddiasına hələlik cavab verməyib.


