Siyasi məhbuslara beynəlxalq dəstək

Kanadada yerləşən Raul Vallenberg İnsan Hüquqları Mərkəzi (“Raoul Wallenberg Centre for Human Rights”) Azərbaycanda noyabrın 18-də ilk dəfə qeyd olunan Siyasi Məhbuslar Günü ilə bağlı bəyanat yayıb. “Meydan TV”nin yazdığına görə, təşkilat sosial şəbəkə hesabında yaydığı bəyanatda Azərbaycanda əsas azadlıqların sistemli şəkildə məhdudlaşdırıldığını bildirib.

Bəyanatda deyilir ki, prezident İlham Əliyevin hakimiyyəti dövründə müstəqil media susdurulub, vətəndaş cəmiyyəti institutları dağıdılıb, jurnalistlər, alimlər və siyasi opponentlər həbs olunub. Təşkilat Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdəki sədri Əli Kərimlinin, “Meydan TV”nin həbsdəki jurnalisti Aytac Tapdığın (Əhmədova), iqtisadçı alim Qubad İbadoğlunun və onun qardaşı Qalib Bayramovun işlərini siyasi repressiyaların vurduğu zərərin nümunəsi kimi göstərib. Bəyanatda siyasi fikir ayrılığının cinayət olmadığı və özbaşına həbslərə son qoyulmalı olduğu bildirilib.

Siyasi Məhbuslar Günü təşəbbüsünü 2026-cı il iyunun 1-də həbsdəki jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri birgə bəyanatla irəli sürüblər. Tarix 2007-ci il noyabrın 18-də həbsdə olarkən vəfat edən siyasi fəal Faina Kunqurovanın xatirəsinə həsr olunub. Azərbaycan hakimiyyəti ölkədə siyasi baxışlarına görə həbs olunanların olduğunu qəbul etmir.

Leave A Reply