Müsavat liderinə səfər qadağası
Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycandan çıxmasına icazə verilmədiyini deyir. Onun noyabrın 21-də yaydığı məlumata görə, həmin gün Berlində keçirilən beynəlxalq konfransa dəvət alıb, lakin gecə saat 4-də olan reysə Bakı hava limanında buraxılmayıb. Qəmbər yazıb ki, uçuşunun qarşısı alınıb və ona heç bir izahat verilməyib.
Siyasətçinin sözlərinə görə, hansı hüquqi əsasla ölkədən buraxılmadığı məlum deyil. “Azadlıq Radiosu”nun yazdığına görə, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlar məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Bundan əvvəl Milli Şuranın sədri Cəmil Həsənli də ölkədən çıxışına məhdudiyyət qoyulduğunu açıqlamışdı. Həsənli noyabrın 5-də yazıb ki, 2027-ci il yanvarın 7-10-da Nyu-Orleanda Amerika Tarix Cəmiyyətinin illik toplantısına dəvətlidir, lakin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyaraq ondan şahid ifadəsi alıb. Həsənlinin sözlərinə görə, Mehdiyevin məhkəməsi bitsə də, qadağa qüvvədə qalır.
Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə mühakimə olunub. Oktyabrda Bakı Ağır Cinayətlər Məhkəməsi yaşı və səhhəti nəzərə alınaraq ona 14 il şərti həbs cəzası verib; Mehdiyev hökmdən apellyasiya şikayəti verib.
İsa Qəmbər milli azadlıq hərəkatının təmsilçilərindəndir. O, 1992-ci ildə Milli Məclisin sədri seçilib, bir müddət prezident səlahiyyətlərini icra edib və 1993-cü ildə istefa verib.


