QHT layihəsinə HRW etirazı

“Human Rights Watch” insan haqları təşkilatı Milli Məclisdə müzakirə edilən QHT qanunvericiliyinə dəyişiklikləri pisləyib və hakimiyyəti onları geri götürməyə çağırıb. Təşkilatın bəyanatına görə, dəyişikliklər hökumətin müstəqil təşkilatların işini dayandırmaq və onları ləğv etmək səlahiyyətlərini genişləndirəcək, yeni qeydiyyat tələbləri ilə onların fəaliyyətini daha da məhdudlaşdıracaq. HRW layihədəki meyarları “sui-istifadəyə yol açan qeyri-müəyyən meyarlar” adlandırıb.

Noyabrın 18-də Milli Məclisdə müzakirəyə çıxarılan layihəyə görə, müvafiq icra hakimiyyəti orqanı şəffaflıq, korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı tələblər pozulanda QHT-nin fəaliyyətini məhkəmə qərarı olmadan bir ilədək dayandıra biləcək. Qeydiyyatdan keçmiş QHT-lər qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində nizamnamələrini yeni qaydalara uyğunlaşdırıb yenidən qeydiyyata müraciət etməli olacaq; etməyənlərin fəaliyyəti dayandırılacaq və ləğvi üçün məhkəməyə müraciət ediləcək. Fond yaratmaq üçün minimum nizamnamə kapitalının 10 min manatdan 100 min manata qaldırılması təklif olunur.

HRW həmçinin noyabrın 19-da 7 il 6 ay həbs cəzası alan Vətəndaş Hüquqları İnstitutunun direktoru Bəşir Süleymanlının azad edilməsini tələb edib. Təşkilat hökmü “vətəndaş cəmiyyətinə növbəti zərbə” adlandırıb və onun təqsirli bilindiyi çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının siyasi motivli göründüyünü bildirib.

Sülh və Demokratiya İnstitutunun direktoru, Niderlandda yaşayan hüquq müdafiəçisi Leyla Yunus “Azadlıq Radiosu”na deyib ki, hakimiyyət yalnız ona tam sadiq təşkilatları saxlamaq qərarına gəlib. Onun sözlərinə görə, əvvəllər QHT-lər heç olmasa məhkəmə qərarı ilə bağlanırdı, yeni layihə isə onların taleyini icra qurumlarının qərarından asılı edəcək. Layihənin müzakirəsində deputat Azay Quliyev isə dəyişiklikləri zəruri sayıb.

Hakimiyyət HRW-nin bəyanatına hələlik münasibət bildirməyib. Rəsmilər indiyədək oxşar tənqidləri rədd edib, ölkədə birləşmək azadlığının təmin olunduğunu və heç kəsin siyasi təqibə məruz qalmadığını bildiriblər.

Leave A Reply