ATƏT sədrliyinə etiraz
Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, ABŞ və digər ölkələrdən 46 vətəndaş cəmiyyəti təşkilatı Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə etiraz edib və iştirakçı dövlətləri buna imkan verməməyə çağırıb. Müraciətdə deyilir ki, Azərbaycan hökuməti təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində etibarlı tərəfdaş deyil və təşkilata sədrliyə layiq görülməməlidir.
Müraciəti imzalayanlar arasında İşgəncələrə Qarşı Dünya Təşkilatı (OMCT), ABŞ-dəki “Freedom Now” insan haqları təşkilatı, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və “Vyasna” İnsan Haqları Mərkəzi var. Təşkilatların məlumatına görə, iştirakçı dövlətlər noyabrın 19-da Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrlik etməsi ehtimalını müzakirə ediblər.
Bəyanatda bildirilir ki, təşkilatın idarəçiliyinin avtoritar hökumətə həvalə olunması əsas sütunlarından biri insan haqları olan ATƏT-in legitimliyini və etibarlılığını ciddi şübhə altına alar. Müraciətdə Azərbaycanda 2013-cü ildən bəri müstəqil vətəndaş cəmiyyətinə, jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı təzyiqlərin 2023-cü ildən daha da gücləndiyi və ölkədə azı 300 siyasi məhbusun olduğu yazılır.
Rəsmi Bakı müraciətə hələlik münasibət bildirməyib. Hakimiyyət indiyədək ölkədə fundamental azadlıqların qorunduğunu bildirib, “siyasi məhbus” anlayışını qəbul etməyib və həbsdə olanların konkret cinayətlərə görə cəza çəkdiyini deyib.
ATƏT-ə sədrlik üzv dövlətlər arasında növbə ilə həyata keçirilir və sədr ölkə bir il ərzində təşkilatın işinə rəhbərlik edir; qərarlar iştirakçı dövlətlərin konsensusu ilə qəbul olunur.


