Kart fırıldaqçılığı artır

Azərbaycan Mərkəzi Bankının banklardan topladığı məlumatlara görə, bu ilin iyul-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə kart fırıldaqçılığı əməliyyatlarının ümumi məbləği 1 milyon 635 min 257 manat olub. Bu, əvvəlki rübə nisbətən 52,18 faiz çoxdur: aprel-iyun aylarında həmin göstərici 1 milyon 74 min 526 manat idi.

Ölkəxarici ödəniş şəbəkəsi üzərindən aparılan fırıldaqçılıq əməliyyatlarının məbləği də 30 faiz artaraq 376 min 293 manata çatıb. Beləliklə, üçüncü rübdə fırıldaqçılıq əməliyyatlarının ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.

Əməliyyatların sayı da artıb. Mərkəzi Bankın statistikasına görə, üç ayda ölkədaxili şəbəkədə 7222 fırıldaqçılıq əməliyyatı qeydə alınıb; bu, əvvəlki rübdən 36,14 faiz çoxdur. Ölkəxarici şəbəkə üzrə belə əməliyyatların sayı isə 67,82 faiz artaraq 6097-yə çatıb. Ümumilikdə 13 min 319 fırıldaqçılıq əməliyyatı olub. Ölkədaxili halların 21,8 faizi bank hesablarının ələ keçirilməsi ilə bağlıdır.

Fırıldaqçılıq demək olar ki, tamamilə rəqəmsal kanallarda baş verir: ölkədaxili əməliyyatların 97,7 faizi, ölkəxarici əməliyyatların 97,9 faizi elektron ticarət və mobil tətbiqlərin payına düşür. Bankomat və POS-terminalların payı cəmi 2,3 faizdir. Mərkəzi Bankın rəqəmsal fırıldaqçılıqla bağlı açıqlamalarında bildirilir ki, bu halların əksəriyyəti kart sahiblərinin şəxsi və bank məlumatlarını kiberdələduzlara özlərinin verməsi nəticəsində baş verir.

Leave A Reply