Ankara ilə Bakı arasında soyuqluq
“HamamTimes” yeni videosunda Azərbaycanla Türkiyə arasında son aylarda dəyişən münasibətləri təhlil edir. Videoda deyilir ki, əvvəllər iki ölkə arasında müttəfiqlik, qardaşlıq, neft-qaz müqavilələri və investisiyalar danışılırdısa, indi gündəmdə soyuqluq, qarşılıqlı ittihamlar və bəyanatlar var.
Gərginlik sentyabrda Azərbaycan məktəblərində yeni vahid geyim qaydalarının tətbiqindən sonra hicablı şagirdlərin dərslərə buraxılmaması ilə başlayıb. Prezident İlham Əliyev oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşünə qatılmayıb, Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Bu soyuqluğa baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada Əliyevlə görüşüb. Bu, hicab mübahisəsindən sonra iki liderin ilk üz-üzə görüşü olub, amma mübahisənin özü bəyanatlarda yer almayıb. Videoda qeyd olunur ki, Əliyev də əvvəl getməkdən imtina etdiyi Türkiyəyə səfər edib.
Videoda iki dövlət arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı keçmişi də təhlil olunur və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin niyə belə dəyişkən olduğu sualına cavab axtarılır.
Təxminən 25 dəqiqəlik videonu aşağıda izləyə bilərsiniz.


