Qadın məhbuslara hədə iddiası

Həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasından göndərdiyi məktubda təcridxana rəisinin müavini Cavid Güləliyevin qadın məhbusları təhqir etdiyini və cinsi zorakılıqla hədələdiyini iddia edib. Məktubu noyabrın 22-də “Meydan TV” dərc edib.

Mövlamlının yazdığına görə, hadisələr noyabrın 20-də hicab qadağasına qarşı “Hicaba azadlıq” aksiyalarına görə həbs olunan qadınlardan Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə, daha bir qadının isə təcridxananın qadın korpusuna köçürülməsi ilə başlayıb. Onun sözlərinə görə, kameralarını tərk etmək istəməyən qadınlar zorla aparılıb, digər məhbuslar isə buna etiraz edib və köçürülən qadınlarla əlaqə saxlamaq istəyib.

Mövlamlı iddia edir ki, noyabrın 21-də Tibb-Sanitar Hissəsinə gələn Güləliyev qadınların kamerasının qapısını təpikləyib və onları cinsi zorakılıqla hədələyib. Jurnalistin sözlərinə görə, araya girmək istəyəndə Güləliyev ona da “Sən öl, tapdalayaram səni. Mənə qadın-kişi fərq eləmir” deyib. Mövlamlı yazır ki, qadınlar axşamadək təkadamlıq kamerada ac-susuz saxlanılıb, məhbusların telefon xətti saat 16:00-dək kəsilib, “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin isə səhhəti pisləşib. O, Ədliyyə Nazirliyindən hadisənin araşdırılmasını tələb edib.

Həbsdə olan digər jurnalist, “Abzas Media”nın əməkdaşı Elnarə Qasımova isə məhkumlara istinadən yazır ki, aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinə yenidən rəis təyin olunan Vaqif İsmayılov qadın məhkumları döyür və xəsarət izləri görünməsin deyə onları cərimə kamerasına göndərir. Qasımovanın yazdığına görə, məhkumlar ərizələrinin oxunduğunu və telefon danışıqlarının dinlənildiyini, buna görə şikayət edə bilmədiklərini deyir.

Penitensiar Xidmət və Ədliyyə Nazirliyi hər iki iddiaya hələlik münasibət bildirməyib. Bu ilin fevralında da “Meydan TV”nin həbsdəki üç qadın jurnalisti Güləliyevin və digər əməkdaşların zorakılığına məruz qaldıqlarını bildirmişdi; Penitensiar Xidmət o vaxt həmin iddiaları təkzib edib.

Leave A Reply