Görüş otağına görə kameraya
12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan dindar məhbus Alim Yusifov noyabrın 18-də cəza kamerasına salınıb və 6 günlük intizam cəzası alıb. Onun həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, buna noyabrın 14-də ailə görüşü zamanı yaranan mübahisə səbəb olub.
Əhmədovanın sözlərinə görə, iki günlük ailə görüşü zamanı onlardan otaqdan istifadəyə görə 70 manat tələb edilib, Alim Yusifov pul verməkdən imtina edəndən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb. O deyir ki, görüş boyu otağın mətbəxində, hamamında və tualetində su olmayıb. Əhmədova 70 manatın onun Şəmkirdən Bakıya gediş-gəliş xərcinə bərabər olduğunu bildirib.
Həyat yoldaşının sözlərinə görə, Yusifov pul tələbinə etiraz edəndən sonra müəssisənin rəisi Cavid Səfərov da işə qarışıb və ailə görüşləri üçün heç bir ödəniş olmadığını deyib. Yusifov isə digər ailələrin də görüşə görə 70 manat verdiyini bildirib. Əhmədova müəssisədə məhbuslardan və ailələrindən müxtəlif xidmətlərə görə pul istənildiyini və həyat yoldaşının cəza kamerasına salınmasının bu mübahisə ilə bağlı olduğunu düşünür. Penitensiar Xidmət iddialara hələlik münasibət bildirməyib.
Şəmkir sakini Alim Yusifov 2024-cü il yanvarın 31-də həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsi 2024-cü il mayın 6-da onu külli miqdarda narkotik vasitələrlə bağlı maddə ilə 5 il 6 ay həbs cəzasına məhkum edib. Yusifov və ailəsi ittihamı qəbul etmir və onun dini inancına görə həbs olunduğunu deyir.
Bu, Yusifovun ikinci həbsidir. O, 2018-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və ardınca iyulun 10-da baş verən etiraz aksiyası ilə bağlı saxlanılıb, 2019-cu ildə 7 il 6 ay həbs cəzası alıb və 2023-cü ilin dekabrında əfv olunub. Onun adı Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın siyasi məhbuslar siyahısında var.


