Talıbov dövrünün fərmanları ləğv

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Vasif Talıbov Ali Məclisin sədri olarkən imzaladığı 47 fərmanı ləğv edib, bəzi fərmanlara isə dəyişiklik edib. Bu barədə muxtar respublikanın rəsmi qəzeti “Şərq Qapısı” noyabrın 25-də xəbər verib. Qəzet yalnız ləğv olunan fərmanların adlarını sadalayıb, qərarın səbəbini açıqlamayıb.

Ləğv olunan fərmanların çoxu muxtar respublikanın öz qurumlarının yaradılması, əsasnamələri və strukturları haqqındadır. Siyahıda Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsi və strukturu, Dövlət Gömrük Komitəsinin strukturu, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin əsasnamələri, Satınalmalar üzrə Dövlət Agentliyi, Sahibkarlığa Kömək Fondu, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Baş Sığorta Agentliyi haqqında fərmanlar var.

Naxçıvan Beynəlxalq Hava Limanı, “Naxavtoyol” Dövlət Şirkəti, Avtonəqliyyat Dövlət Konserni, Nəqliyyat və Rabitə nazirlikləri, muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsmanı), Televiziya və Radio Şurası, Dini Qurumlarla İş üzrə İdarə və Ali Məclis sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında fərmanlar da ləğv olunub. Siyahının ilk iki bəndi Naxçıvanın fəxri adları və onların əsasnaməsi haqqındadır.

“Şərq Qapısı”nın məlumatında bu qurumların özlərinin bağlanıb-bağlanmayacağı, funksiyalarının hansı mərkəzi orqanlara keçəcəyi barədə izah yoxdur. Talıbov dövründə Naxçıvanın fəxri adlarını alanların statusunun və bu adlara görə verilən imtiyazların nə olacağı da bəlli deyil. Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin Naxçıvandakı qurumları isə artıq birbaşa Bakıya tabe edilib.

Fərmanları Ali Məclis yox, Nazirlər Kabinetinin rəhbəri ləğv edib. Bu, 2026-cı ilin martında qüvvəyə minən konstitusiya dəyişikliklərinin nəticəsidir: Naxçıvan Konstitusiyasından “muxtar respublikanın ali vəzifəli şəxsi” haqqında maddə çıxarılıb, Nazirlər Kabineti Ali Məclisə tabe olmaqdan çıxıb və mərkəzi icra orqanlarını prezidentin razılığı ilə yaradıb ləğv edir. Talıbovun istefasından bəri Ali Məclisə sədr seçilməyib.

Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Ali Məclisin sədri olub. Onun istefasından sonra prezident İlham Əliyev Naxçıvana səlahiyyətli nümayəndəsini təyin edib, muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub. Noyabrın 5-də Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi də ləğv edilib. Prezident avqustda AzTV-yə müsahibəsində muxtar respublikanın statusunun qalacağını, amma idarəetmə qaydalarının təkmilləşməli olduğunu demişdi.

Leave A Reply