Həbsdəki redaksiyaya beynəlxalq mükafat
“Abzas Media” Londonda yerləşən “Index on Censorship” ifadə azadlığı təşkilatının 2026-cı il “İfadə Azadlığı Mükafatları”nın (Freedom of Expression Awards) jurnalistika kateqoriyası üzrə qalibi seçilib. Bunu noyabrın 26-da “Abzas Media” özü açıqlayıb.
“Abzas Media”nın yaydığı məlumata görə, təşkilat redaksiyanın əməkdaşları həbsdə olsa da korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdırmağa davam etdiyini vurğulayıb. Təşkilatın icraçı direktoru Cemima Steynfeld redaksiyanın Azərbaycandakı həbsxanalarla mühacirət arasında bölündüyünü, amma işini dayandırmadığını deyib və Azərbaycanda həbsdə olan bütün jurnalistlərin azad edilməsinə çağırıb.
“Index on Censorship”in jurnalistika mükafatı senzuranı və ifadə azadlığına təhdidləri üzə çıxaran, ictimai əhəmiyyətli jurnalist işinə görə verilir. Bu il bu kateqoriyada Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın “Vorskla” regional nəşri də namizəd idi. Təşkilat namizədləri təqdim edərkən “Abzas Media”nın 2016-cı ildə yaradıldığını və yüksəkvəzifəli məmurlarla, o cümlədən prezidentin ailəsi və yaxın ətrafı ilə əlaqəli korrupsiya şəbəkələri barədə araşdırmalar dərc etdiyini qeyd edib.
Redaksiya mükafatla bağlı mesajında Azərbaycanda jurnalistlərin korrupsiyanı və ədalətsizliyi üzə çıxardıqlarına görə həbs olunduğunu yazıb. Mesajda mükafatın azad sözü susdurmağa çalışanların məqsədinə çatmadığını göstərdiyi bildirilib.
“Abzas Media”ya qarşı həbslər 2023-cü il noyabrın 20-də başlayıb: həmin gün direktor Ülvi Həsənli və əməkdaş Məhəmməd Kekalov saxlanılıb, ertəsi gün baş redaktor Sevinc Vaqifqızı, sonrakı aylarda isə jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova həbs edilib. “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də eyni iş üzrə həbs olunub.
2025-ci il iyunun 20-də çıxarılan hökmlə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzası alıb. Jurnalistlər ittihamları rədd edir və araşdırmalarına görə siyasi motivlə həbs olunduqlarını deyir. Bu ayın əvvəlində Elnarə Qasımovaya həbsxanadan yazdığı yazılara görə Kurt Şork mükafatı verilmişdi.


