Vətəndaş cəmiyyəti dialoqu bərpa olunub
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüşü noyabrın 26-da Ermənistanda başlayıb. Dəyirmi masa noyabrın 27-dək davam edəcək, görüşdə iki ölkədən ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.
Azərbaycan nümayəndə heyəti Ermənistana iki ölkənin quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçərək daxil olub. Gündəlikdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılan sülh gündəliyi, sülh prosesinin institusionallaşdırılması, iki cəmiyyət arasında etimad, iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutları, humanitar məsələlər, gənclər və təhsil var.
Platformanın ilk görüşü 2025-ci il oktyabrın 21-22-də Yerevanda, ikincisi həmin il noyabrın 21-22-də Bakıda keçirilib. Bu il aprelin 10-12-də görüş Qəbələdə olub; o vaxt Ermənistan nümayəndələri Azərbaycana quru sərhədindən keçərək gəlmişdi. Sentyabrın 24-də Yerevanda keçirilməli olan növbəti görüş isə Azərbaycan tərəfinin qərarı ilə təxirə salınmışdı.
Media həmin qərarı Qarabağdakı mədəni irslə bağlı mübahisə ilə əlaqələndirirdi. Gərginlik Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla Qarabağa səfəri zamanı iki monastırı “Qafqaz Albaniyası kilsələri” adlandırmasından sonra yaranmışdı. Ermənistan tərəfi abidələrin erməni irsinə aid olduğunu və onların belə təqdim edilməsinin sülh prosesinə zərər vurduğunu bildirirdi.
Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan o vaxt Azərbaycan tərəfinin görüşü “gərginlik səngiyənədək” təxirə salmaq qərarı verdiyini demişdi. Rəsmi Bakı isə təxirə salınmanın səbəbi barədə münasibət bildirməmişdi.


