Hərbçilərə mənimsəmə ittihamı
Azərbaycanda aralarında kapitan və mayor rütbəli hərbçilərin olduğu 15 nəfər külli miqdarda yanacaq mənimsəməsində ittiham olunur. Bunu noyabrın 25-də “Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadla yazıb.
“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxslərdən 4-ü həbs edilib, 11 nəfər barəsində isə həbsə alternativ qətimkan tədbirləri seçilib. İttiham olunanların bir neçəsi hərbçi, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir.
Saytın yazdığına görə, onlara Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) ilə yekun ittiham verilib, iş üzrə dəymiş ziyan 1 milyon 400 min manat hesablanıb. Bu maddə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur.
Yanacağın hansı hərbi hissəyə aid olduğu və mənimsəmənin necə baş verdiyi açıqlanmayıb. Müdafiə Nazirliyi və Baş Prokurorluq məlumatla bağlı hələlik münasibət bildirməyib.


