Azərbaycan, Ermənistan, Pakistan, Hindistan münasibətləri

Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan Azərbaycan və Ermənistan üçün Cənubi Asiya ölkələri ilə münasibətlər yeni istiqamətdə formalaşmağa başlayıb.

1991-ci ilin dekabrında Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. Pakistan Qarabağ münaqişəsində Azərbaycanın yanında yer alaraq, işğal faktına görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib. Rəsmi İslamabad hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalını pisləyən 822 saylı qətnamənin qəbul olunduğu iclasa sədrlik edib. Bunun qarşılığında Bakı da Cammu və Kəşmir mövzusunda İslamabadın mövqeyinə həssas yanaşıb.

Məsələn, Prezident İlham Əliyev dəfələrlə Pakistanın Qarabağ məsələsində dəstəyinə minnətdarlıq ifadə edib və Azərbaycanın da Kəşmir məsələsində Pakistanın yanında olduğunu bildirib. Nəticədə, 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq zəminində inkişaf etməyə başlayıb.

Digər tərəfdən, Hindistan Cənubi Qafqazda həm Azərbaycan, həm də Ermənistanla diplomatik münasibətlər qurub. 1992-ci ilin fevralında Hindistan Azərbaycanla rəsmi əlaqələr yaradıb və hər iki ölkə paytaxtlarında səfirliklər açılıb (Hindistanın Bakıdakı səfirliyi 1999-cu ildə, Azərbaycanın Yeni Dehlidəki səfirliyi isə 2004-cü ildə təsis olunub).

Lakin ilk illərdə Bakı ilə Yeni Dehli arasında əlaqələr kifayət qədər sönük olub. On illər boyu nə yüksək səviyyəli rəsmi səfərlər, nə də ciddi iqtisadi əməkdaşlıq təşəbbüsləri müşahidə olunmayıb.

Hindistan eyni zamanda 1992-ci ildə Ermənistanı da tanıyıb və diplomatik münasibətlər qurub. Tarixi olaraq Hindistan və Ermənistan arasında dərin mədəni bağlar olmasa da, Hindistanda kiçik erməni icmasının mövcudluğu və SSRİ-dən miras qalmış dostluq əlaqələri əsas göstərilərək müəyyən müsbət ab-hava yaradılıb. Amma nə 1990-cı illərdə və 2000-ci illərin əsas hissəsi etibarilə Yeni Dehli-Yerevan münasibətləri strateji müstəvidə ön plana çıxmayıb.

Ümumilikdə, soyuq müharibədən sonra formalaşan geosiyasi reallıqlarda bu dörd ölkə arasında münasibətlərin təməli belə qoyulub: Pakistan açıq şəkildə Azərbaycanla müttəfiqliyə yönəldi, Ermənistanla əlaqələri kəsdi; Hindistan isə Cənubi Qafqazda ehtiyatlı siyasət yürüdərək Azərbaycanla rəsmi, amma soyuq əlaqə saxladı, Ermənistanla isə dostluq münasibətləri qurdu.

Növbəti onilliklərdə isə regionda baş verən münaqişələr və dəyişən beynəlxalq dinamika bu ilkin situasiyanı kəskin şəkildə dəyişəcəkdi.

Bakı ilə İslamabad arasındakı “strateji qardaşlığın” təməli

Azərbaycan-Pakistan münasibətləri zamanla “qardaş ölkələr” səviyyəsinə yüksəlib. Bu yaxınlığın kökündə Qarabağ münaqişəsi və dini-mədəni bağlılıq dayanır. 1990-cı illərdən etibarən Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edib, Ermənistanın işğalçılıq siyasətini qınayıb və bu səbəbdən Yerevanla diplomatik əlaqələrdən imtina edib. İki ölkə arasında dostluq münasibətləri eks-prezident Heydər Əliyevin 1994-cü ildə Pakistanın Baş naziri Benazir Bhutto ilə Kasablankada görüşü zamanı daha da möhkəmlənib.

O vaxtdan bəri rəsmi Bakı və İslamabad beynəlxalq platformalarda daim bir-birini dəstəkləyir. Məsələn, Pakistan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) və BMT-də Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edir, Bakı isə İƏT-nin Kəşmir üzrə Əlaqə Qrupunun fəal üzvü kimi Kəşmir probleminin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəklədiyini bildirir.

Siyasi həmrəyliyə paralel olaraq hərbi-strateji sahədə də əməkdaşlıq irəliləyiş əldə edib. 2020-ci ildəki 44 günlük müharibə vaxtı Pakistan Azərbaycana dəstək göstərib. İlham Əliyev də öz növbəsində “Pakistan xalqının həmin günlərdə nümayiş etdirdiyi həmrəyliyi yüksək dəyərləndirdiyini” vurğulayıb.

Müharibədən sonra üç “qardaş ölkənin” – Azərbaycan, Pakistan və Türkiyənin ortaq blok formalaşdırdığı qeyd olunur. Hətta 2021-ci ilin sentyabrında Bakıda “Üç Qardaş – 2021” adlı birgə hərbi təlimlər də keçirilib ki, burada hər üç ölkənin xüsusi təyinatlı qüvvələri birgə əməliyyat qabiliyyətini sınaqdan keçirib.

Son illərdə Azərbaycan-Pakistan tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. 2025-ci ildə iki ölkə arasında rekord məbləğdə müdafiə sazişi bağlanıb. Azərbaycan Pakistan istehsalı olan JF-17 Thunder qırıcı təyyarələrindən 40 ədəd almaq üçün 4,6 milyard dollarlıq müqavilə imzalayıb.

Bu, Pakistan müdafiə sənayesinin tarixində ən böyük ixrac müqaviləsi hesab olunur və Bakı ilə İslamabadın təhlükəsizlik sahəsində nə dərəcədə yaxınlaşdığını göstərir. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Hava Qüvvələri son model JF-17 Block-III təyyarələri əldə edəcək ki, bununla da ölkənin hava gücünü əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Eyni paket çərçivəsində Azərbaycan tərəfi Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq sərmayə yatırmağı da öhdəsinə götürüb. Bu investisiya enerji və nəqliyyat kimi sahələrdə birgə layihələrə yönələcək ki, bunun da ilk nümunələri görünməkdədir.

İqtisadi müstəvidə indiyədək Azərbaycan-Pakistan ticarət əlaqələri həcminə görə məhdud olub, lakin son dövrdə artan dinamika müşahidə edilir. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi cəmi 11-13 milyon dollar civarında idisə, artıq 27 milyon dollara yüksəlib. Hər iki ölkə liderləri bu rəqəmin çox aşağı olduğunu qeyd edərək gələn illərdə milyard dollarlıq hədəflərə çatmaq niyyətlərini bildiriblər.

Prezident İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana səfəri zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün bir sıra addımlar atılıb; energetika, infrastruktur və müdafiə sənayesi sahələrində anlaşmalar imzalanıb. Xüsusilə enerji sahəsində əlamətdar əməkdaşlıq başladılıb: SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə Pakistan arasında hökumətlərarası LNG (mayeləşdirilmiş təbii qaz) tədarükü razılaşması imzalanıb.

Bu çərçivə sazişinə əsasən, SOCAR hər ay Pakistan LNG şirkətinə ölkənin ehtiyacına uyğun olaraq LNG təklif edir və artıq ikinci tanker Pakistana çatdırılıb. Beləliklə, Azərbaycan “qardaş Pakistanın” enerji təchizatında da dəstək rolunu oynamağa başlayıb.

Yeni Dehli-Yerevan arasındakı silah və geosiyasət yaxınlığı

Hindistan və Ermənistan arasındakı münasibətlər uzun müddət nisbətən sönük olsa da, son illərdə, xüsusən 2020-ci il Qarabağ müharibəsindən sonra bu iki ölkə arasında yaxınlaşma sürət alıb. Ekspertlərin fikrincə, bu yaxınlaşmanın əsas səbəblərindən biri dəyişən geosiyasi kontekstdir: Pakistanın Azərbaycana açıq dəstəyi və Türkiyənin Cənubi Qafqazda artan rolu, Hindistanı təbii olaraq Ermənistanla daha sıx əməkdaşlığa sövq edib. Başqa sözlə, İslamabad-Bakı-Ankara üçtərəfli ittifaqına qarşı tarazlıq yaratmaq üçün Yeni Dehli-Yerevan xətti güclənməyə başlayıb.

Bu yeni strateji yaxınlığın ən bariz göstəricisi hərbi-texniki əməkdaşlıq sahəsindədir. Hindistan son illərdə Ermənistanın əsas silah təchizatçılarından birinə çevrilib. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi ərəfəsində Hindistan Ermənistana ilk dəfə “Swathi” artilleriya radarlardan bir qismini satıb. 2020 müharibəsindən dərhal sonra isə Yeni Dehli ilə Yerevan arasında daha böyük həcmli silah sazişləri imzalanıb.

2022-ci ildə Ermənistan Hindistandan Pinaka yaylım atəşli reaktiv sistemləri, tank əleyhinə raketlər, sursatlar daxil olmaqla təxminən 250 milyon dollar dəyərində silah-sursat sifariş edib. Ardınca Hindistan istehsalı olan “Akash-1S” zenit-raket komplekslərinin də Ermənistan tərəfindən alınması barədə razılaşma əldə olunub. Məlumata görə, 2022-ci ildə Yerevan 15 ədəd Akash sistemi üçün 720 milyon dollarlıq müqavilə bağlayıb və 2024-cü ilin sonunadək bu sistemlərin təhvili planlaşdırılır.

Bu, Ermənistanı Hindistan silahlarının əsas idxalçılarından birinə çevirib. Hindistan Maliyyə Nazirliyinin hesabatına görə, son dörd ildə Ermənistan Hindistandan toplam 600 milyon dollar dəyərində silah alıb və bu göstəriciyə görə birinci yerdədir.

Hindistanın Ermənistana belə açıq hərbi dəstək verməsi Azərbaycanda narahatlıqla qarşılanıb. Prezident İlham Əliyev bildirib ki“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.

Yəni, Bakı, Yeni Dehlini Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda güc balansını pozmaqda ittiham edir. Hətta Əliyev Hindistana müraciətlə, Ermənistanı silahlandırmaqdan əl çəkməyi tələb etmiş və bunun Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu vurğulamışdı.

Lakin Hindistan tərəfi öz maraqları prizmasından çıxış edərək Ermənistanla müdafiə əməkdaşlığını davam etdirir. Ötən illərdə Yerevan Hindistandakı səfirliyində hərbi attaşe təyin edib ki, bu da ikitərəfli müdafiə koordinasiyasının rəsmi müstəviyə keçirilməsinə xidmət edir.

Hindistan-Ermənistan yaxınlaşmasının geosiyasi səbəbləri də diqqətçəkicidir. 2020-ci ilin müharibəsi gedişində Ermənistan Baş naziri Nikol Paşinyan Pakistanı ittiham edərək Kəşmirdən xüsusi təyinatlıların Azərbaycanın tərəfində döyüşdüyünü iddia etdi, İslamabad bunu “əsassız” adlandıraraq rədd etsə də, regionda “müsəlman üçbucağı” (Pakistan-Türkiyə-Azərbaycan) və “Hindistan-Ermənistan” qarşıdurması narrativi formalaşdı.

Türkiyə beynəlxalq kürsülərdə ardıcıl şəkildə Kəşmir məsələsində Pakistanı dəstəkləyib, Pakistan da cavab olaraq Qarabağ məsələsində Azərbaycana arxa çıxıb. Bu qarşılıqlı dəstək Hindistan və Ermənistanın öz aralarında strateji anlaşmasını daha da gücləndirib. Yeni Dehli Ankaranın Cənubi Asiya işlərinə artan müdaxiləsindən və İslamabadın Cənubi Qafqazda möhkəmlənməsindən narahat olaraq, Yerevanla əlaqələrdə “ortaq maraqlar” axtarışını sürətləndirib.

Eyni zamanda, Ermənistan da Hindistanla yaxınlaşmaqda maraqlıdır. Bir tərəfdən, Rusiya ilə hərbi əməkdaşlıq ənənəvi olaraq güclü olsa da, son dövrlərdə Moskvanın Ukrayna müharibəsinə cəlb olunması və Ermənistana bəzi silah tədarükündə yubanması Yerevanı alternativ mənbələr axtarmağa vadar edir.

Digər tərəfdən, Ermənistan üçün Hindistan kimi nüfuzlu bir ölkənin siyasi dəstəyi qazanmaq, beynəlxalq arenada Azərbaycan-Türkiyə-Pakistan blokuna qarşı öz mövqelərini gücləndirmək deməkdir. Bu səbəbdən Ermənistan hökuməti Hindistanla strateji dialoqu dərinləşdirir, o cümlədən yüksək səviyyəli rəsmi səfərlər (məsələn, XİN rəhbərlərinin qarşılıqlı görüşləri) həyata keçirir, iqtisadi və mədəni əməkdaşlığı da təşviq etməyə çalışır.

Beləliklə, Hindistan-Ermənistan tandemi son illərdə həm müdafiə, həm də diplomatiya sferalarında mühüm irəliləyiş əldə edib. Bu yaxınlaşma bir tərəfdən iki ölkənin qarşılıqlı maraqlarından irəli gəlirsə, digər tərəfdən regiondakı rəqib qüvvələrin (Azərbaycan-Pakistan-Türkiyə) birliyinə cavab olaraq formalaşan geosiyasi zərurətdən doğur.

Yaranmış vəziyyət Cənubi Qafqazla Cənubi Asiya arasında maraqlı bir siyasi bağ yaradıb: bir blok müsəlman həmrəyliyi vasitəsilə şəkillənirsə, digər blok da öz növbəsində bu ittifaqa qarşı balans yaratmağa çalışır.

Hindistanın Azərbaycana qarşı soyuq münasibətinin səbəbləri

Rəsmi Bakı ilə Yeni Dehlinin münasibətlərinə son dövrdə nəzər saldıqda, açıq-aydın bir soyuqluq müşahidə olunur. Halbuki, paradoks ondan ibarətdir ki, Hindistan əslində Azərbaycanın ən önəmli ticarət tərəfdaşlarından biridir: 2025-ci ildə Hindistan Azərbaycanın xam neftinin 7,6%-ni idxal edərək həcminə görə üçüncü böyük alıcı olub və iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollara çatıb.

Buna baxmayaraq, strateji və siyasi fikir ayrılıqları iqtisadi maraqları üstələyib. Belə ki, 2020-ci ildən sonra Yeni Dehli-Bakı xəttində gərginlik artmaqdadır.

Bu soyuq münasibətin bir neçə başlıca səbəbi var. Əvvəla, Azərbaycan Pakistanla strateji müttəfiqliyini ön plana çıxararaq, beynəlxalq məsələlərdə İslamabada açıq dəstək verməkdən çəkinmir. Xüsusilə, 2025-ci ilin yazında Hindistan və Pakistan arasında Kəşmir sərhədində gərginlik artdığı zaman Azərbaycan XİN Pakistanın mövqeyini birmənalı şəkildə dəstəkləyən bəyanat yayıb. Bakı, “Pakistan xalqı ilə həmrəylik içində olduğunu” bildirərək, Hindistanın hava zərbələrini pisləyib və mülki insanların həlak olmasına görə başsağlığı verib.

Bu cür bəyanat, sözsüz ki, Hindistan rəhbərliyinin narazılığına səbəb olub. Hindistan bunu onun daxili işlərinə qarışmaq və “üçüncü qardaş” olaraq İslamabadın tərəfində yer almaq kimi dəyərləndirib. Ardınca Azərbaycanın dövlətə yaxın media orqanlarında Hindistan əleyhinə materialların dərc olunması, Kəşmir münaqişəsi ilə bağlı Dehlinin mövqeyinin sərt tənqid edilməsi də iki ölkə arasında informasiya məkanında gərginliyi yüksəldib.

İkinci əsas səbəb, yuxarıda da qeyd olunduğu kimi, Hindistanın Ermənistanla artan strateji əlaqələridir. Rəsmi Bakı açıq şəkildə ifadə edib ki, Hindistanın Ermənistana silah verməsi Azərbaycan üçün birbaşa təhdiddir.

Prezident İlham Əliyevin 2024-cü ilin aprelində ADA Universitetindəki çıxışında Hindistan (eyni zamanda Fransa və Yunanıstan) tərəfindən Ermənistanın açıq şəkildə silahlandırılması tənqid edilib və “biz sadəcə oturub gözləyə bilmərik” kimi mesajı verilib. Təbii ki, Yeni Dehli bu ittihamları rədd edir və öz suveren hüququ çərçivəsində istədiyi ölkə ilə müdafiə əməkdaşlığı qurduğunu bildirir. Lakin reallıq budur ki, Azərbaycan ilə Hindistan arasında Ermənistan məsələsinə görə inamsızlıq yaranıb.

Nəticə etibarilə, iki ölkə bir-birini beynəlxalq platformalarda “cəzalandırmağa” çalışır. 2023-2025-ci illərdə bunun bariz nümunələri müşahidə olunub. Məsələn, Hindistan, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün Azərbaycanın müraciətini dəfələrlə əngəlləyib.

Rəsmi Dehli Bakının ŞƏT-ə qoşulmasına razılıq verməyib və bununla da İslamabada dəstəyinə görə Azərbaycana “ikinci cəbhədə” cavab vermiş oldu. Azərbaycanın yaxın müttəfiqi Pakistan da bunu cavabsız qoymayıb. Bu ilin avqustunda Pakistan, Hindistanın addımına cavab olaraq Ermənistanın ŞƏT-ə üzvlüyünü blokladığını açıqlayıb. Bu qarşılıqlı addımlar onu göstərir ki, Bakı ilə Yeni Dehli arasındakı ziddiyyətlər artıq regional çoxtərəfli təşkilatlara da sirayət edib.

Bütün bu gərginliyə rəğmən, Azərbaycan və Hindistan əlaqələrini tamamilə kəsmək niyyətində deyillər. Hər iki ölkə Qoşulmama Hərəkatının üzvü kimi prinsip etibarilə “beynəlxalq tərəfsizlik” siyasətinə qiymət verir və zaman-zaman ortaq platformalarda rastlaşırlar.

Diplomatik kanallar açıq qalır; məsələn, iqtisadi sahədə müəyyən layihələr və mədəni mübadilələr davam edir. Amma siyasi atmosfer düzəlmədikcə bu əlaqələrin istiləşməsi çətindir. Hindistan üçün Azərbaycan – Pakistan və Türkiyənin dostu kimi ehtiyatla yanaşılan bir ölkədir; Azərbaycan üçün isə Hindistan – Ermənistanı silahlandıran və beynəlxalq məsələlərdə Pakistana qarşı çıxan bir oyuncudur.

Belə bir vəziyyətdə tərəflər arasında etimadın formalaşması zaman tələb edir. Yaxın perspektivdə, böyük diplomatik iradə ortaya qoyulmasa, Yeni Dehli-Bakı münasibətlərinin soyuqluğunu qoruyacağı ehtimalı yüksəkdir.

İslamabad və Yerevanın uzun sükutdan sonrakı ilk dialoqu

Azərbaycan-Ermənistan münaqişəsinin miraslarından biri də Ermənistan ilə Pakistan arasında onillər boyu davam edən əlaqəsizlik idi. Pakistan məhz Qarabağ müharibəsində Ermənistana qarşı mövqeyinə görə bu ölkəni tanımayan dövlət idi. 1990-cı illərdən etibarən İslamabad Yerevanla nəinki diplomatik münasibətlər qurmadı, hətta rəsmi səviyyədə təmaslar belə baş vermədi.

İki ölkə arasındakı münasibətlər “yox” səviyyəsində idi. Nə birbaşa ticarət, nə rəsmi dialoq, nə də hər hansı platformada əməkdaşlıq mövcud deyildi. Bunun müqabilində Ermənistan da Pakistanla əlaqə yaratmağa cəhd göstərmir, onu Azərbaycana görə qərəzli mövqe tutmaqda günahlandırırdı. Beləcə, İslamabad-Yerevan münasibətləri onilliklər boyu dondurulmuş vəziyyətdə qaldı.

Lakin 2020-ci ildəki II Qarabağ müharibəsinin nəticəsi və sonrakı sülh prosesləri regionda bir sıra yeniliklərə zəmin yaratdı. Azərbaycan ərazilərinin geri qaytarılması və Bakı ilə Yerevan arasında sülhə doğru addımların atılması beynəlxalq müstəvidə yeni kombinasiyalara yol açdı. 2023-2024-cü illərdə Ermənistanın Türkiyə ilə də normallaşma prosesinə başlaması müşahidə olundu. Sərhəd-keçid məntəqələrinin müəyyən müddətə açılması, diplomatik təmaslar kimi hadisələr baş verdi. Bu fondda uzun müddət Azərbaycanın mövqeyini nəzərə alaraq Ermənistanı tanımayan Pakistan da öz siyasətinə korrektə etməyə meyilli göründü.

Nəhayət, həmin addım atıldı – Pakistan və Ermənistan rəhbərliyi birbaşa dialoqa başladı.

2024-cü ilin sonlarında ilk qeyri-rəsmi təmaslar haqda məlumatlar yayılmışdı, 2025-ci ilin avqustunda isə iki ölkənin xarici işlər nazirləri Çin-də (ŞƏT sammiti çərçivəsində) görüşərək tarixi razılıq əldə etdilər.

Avqustun 31-də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri İshaq Dar diplomatik əlaqələrin qurulması barədə birgə kommünike imzaladılar. Bununla da 30 illik diplomatik boşluq aradan qalxmış oldu. İslamabad ilk dəfə Yerevanı rəsmi şəkildə suveren dövlət kimi tanıdığını və münasibətlər qurmağa hazır olduğunu bəyan etdi.

Maraqlıdır ki, Pakistan bu addımı atmazdan əvvəl Azərbaycanın razılığını almışdı. Azərbaycan mediasının məlumatına görə, İslamabad Ermənistanla dialoqa başlamaq qərarını Bakı ilə məsləhətləşmələrdən sonra qəbul edib.

Bildirilir ki, Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündən sonra Pakistanla müzakirələr aparılıb və nəticədə belə bir təşəbbüs razılaşdırılıb. Yəni, rəsmi Bakı Ermənistan-Pakistan yaxınlaşmasına etiraz etməyib, əksinə, onu sülh prosesinin tərkib hissəsi kimi dəstəkləyib.

Ekspertlər deyir ki, əgər dünənə qədər Ermənistanla hər cür əlaqəni “qırmızı xətt” sayan Pakistan bu gün diplomatik körpü salmağa razıdırsa, deməli, Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində müəyyən ümidlər yaranıb.

Pakistan-Ermənistan münasibətlərinin bünövrəsi hələ yenicə atılır və proses hələ başlanğıc mərhələsindədir. Tərəflərin ilk növbədə qarşılıqlı səfirliklərin açılması, etimad quruculuğu addımlarının atılması gözlənilir. 2025-ci ilin sonuna doğru bu istiqamətdəki real addımların şahidi olacağımız gözlənilir.

Bu yaxınlaşmanın mümkün motivləri də maraq doğurur. Bir tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra artıq Ermənistanla əlaqə qurmağı “xəyanət” saymır. Yəni Bakının xətrinə dəyməyəcəyinə əmindir. Digər tərəfdən, İslamabad da Ermənistanla münasibətlərdən müəyyən geosiyasi və iqtisadi faydalar əldə etməyə çalışır.

Məsələn, analitiklər hesab edir ki, Ermənistanın Hindistanla yaxınlığını nəzərə alsaq, Pakistan Yerevanla dialoq quraraq Yeni Dehliyə dolaylı mesaj verir ki, Cənubi Qafqazda o da oyunçu ola bilər. Həmçinin, Ermənistanın BMT və digər beynəlxalq qurumlardakı səsvermələrində Pakistan üçün neytral və ya müsbət mövqe tutması İslamabadın maraqlarına uyğun ola bilər.

Ermənistan tərəfi üçün isə Pakistanla münasibətlər qurmaq Türkiyə ilə normallaşma fonunda məntiqli addımdır. Ankara da buna müsbət baxır və eyni zamanda müsəlman ölkələri ilə dialoq Ermənistanın imicini artıra bilər.

Azərbaycan, Ermənistan, Pakistan, Hindistan münasibətləri

Leave A Reply