Səbəb isə odur ki, Azərbaycanda insan haqları ilə bağlı AŞPA-da qətnamə qəbul edilən zaman türkiyəli nümayəndələr buna qarşı danışmayıb.
Məsələ burasındadır ki, qətnamə Azərbaycana qarşı yox, Azərbaycan hökumətinin hüquq pozuntularına, azad mətbuatı məhv etməsinə, siyasiləri həbsə atmasına, ölkədə azad siyasi fəaliyyət üçün hər hansı mühit saxlamamasına qarşı çıxarılıb.
Hökumətyönlü mətbuat isə hay-haray salıb, ağlaşma qurub ki, hakimiyyət nə edir etsin, türkiyəli deputatlar bizi müdafiə etməlidir:
“Türkiyə AŞPA-da 10-dan çox deputatla təmsil olunur, hamısı olmasa belə, bir neçəsi, ən azından biri Azərbaycana qarşı haqsızlığa səsini çıxara bilərdi. Təəssüf”!
Məsələylə bağlı REAL partiyasının sədri İlqar Məmmədov öz Facebook səhifəsində maraqlı fikirlər paylaşıb:
“İki il əvvəl, seçki ərəfəsində məni şərləmək məqsədilə, hakimiyyət öz deputatlarını, partiya sədrlərini və ekspertlərini mətbuat qarşısında sıraya düzüb onlara haqqımda uydurma şeylər dedizdirdi. Bəhanəsi niyyətindən betərdi: Azərbaycan heyətinin AŞPA-nı tərk etdiyi iclas sonrası yazımda fərz eləmişdim ki, gərginliyin əsl səbəbi haqqında Türkiyədə hansısa gizli bilgi var deyə Türkiyə heyətinin yarısı iclasa, müdafiəmizə heç gəlmədi, gələnlərdən isə bircəsi formal nitqini kağızdan quru-quru oxuyub Azərbaycanın tərəfini tutdu…
Yazımın ardınca, həmin il gözlənilən seçkidə yenidən və ya ilk dəfə deputat seçilmək istəyən 20-30 nəfər yuxarıdan aldığı tapşırıqla tökülüşdü üstümə ki, sən Türkiyə-Azərbaycan qardaşlığına zərər vurursan.
Bugün isə o yalançı kampaniyanın vicdansızlığı tam ifşa olundu. AŞPA`dakı oxşar səsverməyə dünən də türklərin tam qatılmadığı üçün indi hakimiyyət mediası (Qafqazinfo) düşüb Türkiyənin üstünə ki, Azərbaycanla həmrəy deyilsiniz-filan, hətta “xəyanət” sözünü işlətdi”.
Azərbaycanda insan haqları