“Hakimiyyət təcavüzə dərhal son qoymalı, haqsız yerə həbs olunanları azad etməli və hüquq-mühafizə orqanlarının hərəkətini araşdırmalıdır”.

Foto:  Human Rights Watch veb saytı

“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı Azərbaycanda müxalifət nümayəndələrini əhatə edən son həbslərin Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təhlükə altına qoyduğunu bəyan edib.

“Azərbaycanda həbslərin son dalğası siyasi motivli həbslər və təqiblərin sənədləşdirilmiş nümunəsi olaraq ölkənin ən ixtiyar müxalifət partiyalarından birini yox olma riski altına qoyur”,- “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya ölkələri üzrə rəhbəri Giorgi Gogia çərşənbə günü deyib.

“Hakimiyyət təcavüzə dərhal son qoymalı, haqsız yerə həbs olunanları azad etməli və hüquq-mühafizə orqanlarının hərəkətini araşdırmalıdır”,- Gogia əlavə edib.

HRW bəyanatından öncə 11 vəkillə danışıb, 15 iyuldan bəri tutulan 10 nəfərin məhkəmə sənədlərini və hakimiyyətin rəsmi açıqlamalarını araşdırıb.

Qurum qeyd edib ki, Azərbaycan hakimiyyəti çoxsaylı müxalifət fəallarını və liderlərini uydurma cinayət ittihamı ilə həbs edib.

İyulun 14-də qonşu Ermənistanla hərbi gərginliyin artmasından sonra ölkənin silahlı qüvvələrinə dəstək məqsədiylə küçələrə axışan insanlar COVİD-19 pandemiyası ilə əlaqəli təcrid qaydalarının pozulmasından tutmuş əmlakın məhv edilməsi və çevriliş cəhdi ittihamlarıyla həbs edilib.

Eyni gecə bir qrup etirazçı qısa müddətə parlamentin binasına girib və polis onları çıxarmazdan əvvəl əmlaka ziyan vurulduğu qeyd edilir. Rəsmilər bunun siyasi müxalifətin hökuməti zorla devirmək cəhdi olduğunu iddia edirlər və növbəti günlərdə onlarla müxalifət fəalı həbs edilib.

Etirazdan bir gün sonra Prezident İlham Əliyevin milli televiziyada çıxışında müxalif AXCP-ni zorakılıqda ittiham edərək, onları “satqın”, “düşmən” və “beşinci kolon” adlandıraraq bu problemin tezliklə həll edilməli olduğunu vurğulayıb.

İctimai fəallar indiyədək 80 nəfərin həbs olunduğunu, onlarda 17-sinin AXCP fəalı olduğunu bildirir. Fəalların vəkilləri onların heç birinin parlament binasına daxil olmadığını qeyd edir, – HRW açıqlayıb.

“Buna baxmayaraq 16 nəfər vəzifəli şəxsə qarşı zorakılıq tətbiq etməkdə, ictimai qaydanı pozmaq və əmlakı məhv etməkdə, yoluxucu xəstəlik yaymaqda ittiham olunur”,- bəyanatda qeyd edilir.

Mart ayında Azərbaycan sağlamlıq və gigiyena qaydalarını pozduğuna görə cinayət sanksiyalarını sərtləşdirib. Qanun pozuntularına görə 5000 manata qədər (təxminən 3000 ABŞ dolları) cərimə və ya üç ilədək həbs cəzası müəyyən edilib.

“Human Rights Watch” hökumətləri insanları COVİD-19 məhdudiyyətlərini pozduğuna görə həbs etməməyə çağırıb.

“COVİD-19-un yayılması üçün cinayət sanksiyaları tətbiq edən qanunlar, virusun yaratdığı təhlükəyə qanuni və ya mütənasib cavab deyil”,- “Human Rights Watch” hökumətin COVİD-19-la bağlı siyasətini dəyərləndirərkən bildirib. “Kriminallaşdırılma insanların sağlamlığına mənfi nəticələr verə bilər, o cümlədən insanları test edilmədən və müalicə almaqdan çəkinməyə, bununla hakimiyyətin marginallaşmış əhalini, azlıqları və ya müxalifət nümayəndələrini hədəf almasına şərait yarada bilər”,- bəyanatda bildirilib.

Qurum bildirib ki, müxalifət nümayəndələrinin həbsindən sonra onların adil mühakimə hüquqları pozulub, fəallara vəkil seçmək hüququ tanınmayıb.

“Bu cür açıq-aşkar qanun pozuntuları işgəncə və pis rəftar riskini artırır”.

Azərbaycan bir sıra beynəlxalq müqavilələrin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının üzvüdür. “Bu, əsassız həbsləri qadağan edir, polisin saxlanıldığı müddətdə də daxil olmaqla vəkil hüququna zəmanət verir və pis davranışa tamamilə qadağa qoyur”,- “Human Rights Watch” qeyd edib.

31 iyulda Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri “hökumət tənqidçilərinin özbaşına həbsinin problemli olması” ilə bağlı “ciddi narahatlıq” ifadə ediblər və hakimiyyəti “ifadə və sərbəst toplaşmaq azadlığına tam hörmətlə yanaşmağa” çağırıblar.

15 iyuldakı çıxışı zamanı Prezident Əliyev Avropa Şurasının və digər beynəlxalq təşkilatların təzyiqlərə dair tənqidlərinə “əhəmiyyət verməyəcəyini” bildirib.

Mənbə: Meydan Tv

Leave A Reply