“İndiyədək bizim qonşularla heç bir konfliktimiz olmayıb”

Rəngarəng tarixi evləri, dar küçələri, kükürd hamamları ilə məşhur olan Meydan Tbilisinin ən görkəmli yerlərindən biridir. Turistlərin axın etdiyi, öz təbii gözəlliyi ilə seçilən Botanika bağı da məhz bu ərazidə yerləşir. Ən maraqlısı da budur ki, bura çoxsaylı millətlərin birgə yaşadığı, müxtəlif mədəniyyətlərin birləşdiyi bir məkandır. Buranı bir növ Bakıdakı İçərişəhərə bənzətmək olar. Eyni daşlı yollar, suvener əşya və xalçalar satan insanlar və turistlərin axışdığı məkan…

Meydandakı “Surb Gevorg” adlanan erməni kilsəsinin həyətində qədim vaxtlarda tikilmiş evlər var. Köhnə sovetski məhəlləsindəki həyət evlərini xatırladan bu həyətdə 5 millətin nümayəndəsi yüz illərdir ki, birlikdə yaşayır. Həyətin yeganə azərbaycanlı nümayəndəsi Gültəkin Hacıyeva və onun ailəsidir. Gültəkin xanımın qayınanası da məhz bu həyətdə doğulub. O deyir ki, qaynanasının anası da bu həyətdə yaşayıb. 100 ildir ki, onların ailələri burada məskunlaşıblar:

“Qaynanamın anası və atası Naxçıvandan bu həyətə köçüblər. Onların 4 uşağı bu evdə dünyaya gəlib. Eləcə də yoldaşım bu evdə doğulub-böyüyüb. Hamı bilir ki, 100 ildir bütöv bir ailə bu həyətdə məskunlaşıb. 1988-ci ildə mən də bu həyətə gəlin köçmüşəm. Burada övladlarımı dünyaya gətirmişəm. Erməni kilsəsinin həyətində yaşayan yeganə azərbaycanlı biz olmuşuq. Həmişə burada müxtəlif millətlərlə birlikdə yaşamışıq. Aramızda heç bir ayrı-seçkilik olmayıb”.

Gültəkin xanım deyir ki, burada qonşuluq əlaqələri çox yaxşıdır.

5 il bundan öncə bu həyətdəki evləri satıb yerində ermənilər üçün mədəniyyət mərkəzi tikmək istəyiblər. Ancaq sakinlər müvəqqəti evlərini tərk etsələr də, buradan birdəfəlik qopa bilməyiblər: “Bu məhəlləni, rayonumuzu çox sevirik. Uşaqlarım burada böyüyüb. Qonşuluq əlaqələrimiz çox yaxşıdır. Heç vaxt burdan köçmək istəməmişik. Burda bir ailə kimi yaşamışıq. Qonşularım da bu həyəti çox sevir. Bir-birimizin xeyirinə-şərinə yarayan qonşular olmuşuq. Milliyyətin nə fərqi var ki?!”

Burada yaşayan ermənilər Azərbaycan dilini başa düşürlər

Azərbaycanlı, gürcü, erməni, kürd, yəhudi hamısı bu məhəllədə öz mədəniyyətini, dilini, dinini qoruyaraq yaşayıb, ancaq bu, onların münasibətlərinə mənfi təsir etməyib. Əksinə, onlar bir-birlərinin dillərini öyrəniblər:

“Bu məhəllənin bir maraqlı cəhəti də odur ki, biz gürcü, rus, erməni dilini bilirik. Mən yəhudi dilini də başa düşürəm. Eləcə də burda yaşayan və kilsədə çalışan erməni işçilər digər dilləri bilirlər. Azərbaycan dilini başa düşürlər, hətta danışa da bilirlər. Biz öz dinimizi, mədəniyyətimizi yaşayırıq, ancaq başqa dinlərə, millətlərə də hörmətlə yanaşırıq. Eyni münasibəti onlar da bizə göstərirlər”.

Müsahibimiz deyir ki, uşaqları erməni kilsəsinin həyətində böyüyüb: “Bəlkə çoxu bizi qınayacaq ki, erməni bizim düşmənimizdir, bunlar da ermənilərlə birlikdə yaşayır. Uşaqlarım kiçik olanda digər uşaqları yığıb gətirirdilər bizə, hamısına baxırdım. Elə olurdu ki, onlar isti havalarda erməni kilsəsinin içində oynayırdılar. Onlar hələ uşaq idilər. Uşaqları kinlə böyütmək bir valideynin övladına edə biləcəyi ən böyük pislik olardı. Biz uşaqlarımızı kinlə böyütməmişik. Nə də erməni, rus, yəhudi qonşularım öz uşaqlarını kinlə böyütməyib. Biz burda siyasətdən uzaq, böyük ailə kimi yaşamışıq”.

Qarabağ bizim də ürək ağrımızdır

G.Hacıyeva deyir ki, Gürcüstan vətəndaşı olsalar da, Qarabağ onların da ürək ağrısı olub. Həmişə hər yerdə bu haqda danışıblar. Hətta kilsənin işçiləri ilə də bu haqda söhbətləri olub, ancaq aralarında konflikt baş verməyib: “İnsanlar düşünməsin ki, Gürcüstan vətəndaşıyıq deyə Azərbaycan haqqında düşünmürük. Qarabağ bizim də yaralı yerimizdir. Biz də azərbaycanlıyıq, dilimizlə, dinimizlə fəxr edirik. Tez-tez Azərbaycana gedirik. Kilsənin işçilərinin çoxu Gürcüstanda yaşasa da, sonradan Ermənistandan gələnlər də var. Ancaq bir dəfə də olsun azərbaycanlı olduğumuz üçün bizə pis münasibət göstərməyiblər”.

Gültəkin Hacıyevanın həyat yoldaşı Aqif Ağacanov doğulub-böyüdüyü yer haqqında təəssüratlarını bölüşdü. Kiçik sahibkar olan Aqif müəllim uşaqlıq illərinin bu həyətdə keçdiyini dedi: “Anam da bu həyətdə dünyaya gəlib. Rəhmətlik qardaşımla mən də burada doğulub böyümüşük. O vaxtdan çox tarixi hadisələr yaşanıb, ancaq bu, bizim qonşuluq münasibətlərimizə təsir etməyib. Çünki qonşularımızdan da eyni hörməti görmüşük, həm özümüzə, həm də bütün azərbaycalılara qarşı. Mən pedaqoq ailəsində böyümüşəm. Hamısı təhsilli olub. Həmişə çalışmışıq ki, azərbaycanlıları layiqincə təmsil edək. Bir-birimizin xeyirinə-şərinə yarayan qonşular olmuşuq”.

Gültəkin xanımın və Aqif bəyin böyük qızları gürcü ilə ailə həyatı qurmağa hazırlaşır. Hazırda tibb bacısı işləyən Fatimə tibb kollecini bitirib. O deyir ki, həmin kollecdə də həm azərbaycanlılar, həm də digər millətlərin nümayəndələri ilə birlikdə oxuyub. Fatimə deyir ki, indiyədək heç bir millətin nümayəndəsi ilə konfliktə girməyib: “Mən həyətimizi çox sevirəm. 1 il Fransada yaşamağa getdim, ancaq orda yaşaya bilmədim. Burda dostlarım var. Oxuduğum yerdə də bir çox millətin üzvü olub. Həyətimizdə də gürcü, yəhudi uşaqlarla birlikdə böyümüşük. Azərbaycanı da çox sevirəm. Çoxlu Azərbaycanlı dostlarım var”.

Fatimənin kiçik bacısı Səbinə öz uşaqlıq xatirələrindən danışdı: “Mən də, bacım da orta məktəbdə bir çox millətin nümayəndəsi ilə oxumuşuq. Yadımdadı, uşaq vaxtı atam qarpız alanda həyətdəki bütün uşaqları yığırdım ki, gedək bizdə qarpız yeyək. Anam bizə dadlı yeməklər bişirirdi. Həyətin hündür pilləkənlərində oturub yeyirdik. İndi o uşaqlardan bəzisi İsrailə, Rusiyaya, Avropaya gedib. Ancaq hələ də bu həyətdə çoxlu millətlər yaşayır. Çoxlu dostlarım, yaşıdlarım var”.

Azərbaycanlılar xeyirxah insanlardır

“Surb Gevorg” kilsəsinin Administrasiyasının rəhbəri Karen Eriçan deyir ki, illərdir bu həyətdə azərbaycanlılarla birlikdə yaşayırlar: “Düşünürəm ki, heç vaxt müharibələr bizim münasibətimizə təsir edə bilməz. Problem Qarabağda hiss olunur, bəlkə biz Gürcüstandayıq deyə onu hiss etmirik. Bir həyətdə yaşamışıq, ancaq heç vaxt azərbaycanlılarla problemimiz olmayıb. Aqifin qardaşı işığa qənaət edirdi. Səhər saat 8 olan kimi işıqları keçirirdi, gecə isə yandırırdı. Qoymurdu ki, biz işıqsız qalaq. Bax azərbaycanlılar belə xeyirxah insandılar. Heyf ki, o, indi dünyasını dəyişib”.

Tarix özü bu konfliktə bir cavab tapacaq

“Tarix özü bu konfliktə bir cavab tapacaq” – K.Eriçan fikirlərinə belə davam edir: “Bu, kirli siyasi oyunların nəticəsidir. Gərək bunu hamı bilsin. Gələcəkdə hamı hər şeyi başa düşəcək. Ancaq illərdir ki, 2 millətin nümayəndəsi bu müharibədən əziyyət çəkir. Son döyüşlərdə hər iki tərəfdən itkilər olub. Bunun acısını millət çəkir. Ermənilər və azərbaycanlılar əzəli düşman kimi göstərilib. Ancaq biz əvvəllər dost olmuşuq. Çox istəyirik, bu münaqişə bitsin. Azərbaycanlılar Ermənistana, biz Azərbaycana gedə bilək. Başa düşürəm ki, onlar həmişə Qarabağda yaşayıb, evləri üçün darıxırlar”.

K.Eriçan Azərbaycan musiqilərini çox sevdiyini deyir: “Keçən il məni Yessuntikiyə toya dəvət etdilər. 36 erməni qonaq var idi. Azərbaycan mahnıları çalıb-oynayırdılar. Sizin musiqilərə qulaq asmışıq. Çox sevirəm sizin musiqiləri”.

Gültəkin xanım söhbətimizə qoşulur: “Ancaq dolma bizimkidir” (gülürlər).

Aqif bəy və Gültəkin xanımın yahudi qonşuları Lia Xaxmiqeri deyir ki, onların bütün nəsli Tbilisidə yaşayıb: “7 nəsildir ki, yəhudilər Tbilisidə məskunlaşıb”- Lia belə deyir: “Məndə həmin nəsilin nümayəndəsiyəm. Bu həyətə isə gəlin köçəndən gəlmişəm. Ancaq azərbaycanlılar bizdən çox əvvəl burda yaşayıblar. 100 illərdir ki, bu həyətdə 5 millətin nümayəndəsi birlikdə yaşayıb”.


Həyətdən Azərbaycanın ay-ulduzu asılıb

Lia xanım əli ilə ay-ulduza işarə edərək deyir ki, Azərbaycanın simvolu bu həyətdən asılıb: “Azərbaycanlılar öz ay-ulduzlarını, gürcü ailə öz simvollarını, mən isə yəhudi ulduzunu həyətdən asmışıq. Arada əsəbləşəndə deyirəm ki, özünüzü yaxşı aparın, yoxsa İsrail bayrağını eyvandan asacam. Gültəkin Azərbaycan bayrağını artıq eyvandan asıb” (gülür) .

L.Xaxmiqeri deyir ki, heç vaxt aralarında millət ayrı-seçkiliyi olmayıb: “Heç yadıma gəlmir, kimsə əli ilə göstərsin ki, bu, azərbaycanlıdır, yəhudidir, ya ermənidir, kürddür. Çox isti münasibətlərimiz var. Ailə şirinliyi var. Bir adamın ailəsində problem olanda hamımız ona baş çəkirik. Bir-birimizin xeyirimizə, şərimizə yarayırıq. Elə bu yaxınlarda gürcü qonşumuzun əri rəhmətə gedib. Düzdü, onlar köçüblər. Yenə də münasibət olduğu kimi qalır. Bir yerdə gül alıb gedəcəyik ziyarətə”.

Lia Azərbaycan plovunun ləzzətindən böyük həvəslə danışır: “Gültəkin bizə qəşəng səbzili Azərbaycan plovu bişirir. Onun qaynanası da tez-tez bizi öz yeməklərinə qonaq edərdi. 6 nəvəm var. Onlar İsraildən gələndə deyirlər ki, Azərbaycan yeməkləri yeməyə gedək”.

Rəşid Behbudovun səsi hələ də qulağımızdadır

“Rəşid Behbudovun səsi hələ də qulaqlarımızdadır” – Lia deyir.

“Atam biz yatanda köhnə valda Rəşid Behbudovun mahnılarına qulaq asardı. Hələ də onun səsi qulağımızdadır. Polad Bülbüloğlunun mahnılarına indi də qulaq asıram. Müslüm Maqomayevi isə sevirəm. Onun səsinə vurulmuşam”.

Azərbaycanın mədəniyyətini çox sevən Lia bu məqamda “Küçələrə su səpmişəm” mahnısından bir parça oxuyur.

Həyətdə yaşayan qonşular bizi çay süfrəsinə dəvət etdilər və hamısı öz mətbəxlərinə məxsus fərqli təamları çay süfrəsinə düzdü. Söhbətimizə süfrə arxasında davam etdik. Bura adamda yalnız bir təəssürat yaradır: Doğrudan da ,siyasətin, müharibələrin məngənəsində olan bu dünyada hələ də millətlərin dostluğunu görmək mümkün imiş.

Leave A Reply