Bəziləri insanın bütün xüsusiyyətlərini irsiyyətlə bağlamağa çalışırlar. Amma genlər heç də həmişə adamın zahiri görünüşünü, davranışlarını və nəyə qadir olmasını təyin etmir. Bu məqalədə genlərin hansı xüsusiyyətlərə müəyyən mənada təsir etməsi barədə danışacağıq. Hərçənd bu təsir ehtimal ki, biz düşünməyə öyrəşdiyimiz qədər güclü deyil.
 
 
İİV (HIV) infeksiyasına dözümlülük
 
Avropa populyasiyalarında insanların 1%-i QİÇS (AIDS) virusuna həssas deyil. Bu insanlarda HIV virusu üçün “eniş zolağı” funksiyasını yerinə yetirən zülalı sintez edən hər iki gen surətində deffekt var. Əgər bu genlərdən yalnız birində deffekt olsa, adam yenə də AIDS tuta bilər, amma bu zaman yoluxma ehtimalı 10-13% aşağı olur. Bundan savayı elə insanlarda QİÇS-ə yoluxma baş verdiyi halda belə, xəstəlik daha ləng inkişaf edir və ölüm faizi xeyli aşağı olur. Bu mutasiyanın təyin edilməsi alimlərə AIDS əleyhinə vaksinlərin yaradılmasında yeni istiqamət açıb. Ola bilər ki, yaxın zamanda bu genləri tamamilə bloklayan dərman vasitəsiylə QİÇS-i tarixə qovuşdura biləcəyik.
 
 
Yeni dil öyrənmə qabiliyyəti
 
İnsan söz ehtiyatını genetik yolla növbəti nəslə daşımır. Biz danışmağı bütün həyatımız boyu öyrənirik. Amma nitq qabiliyyəti, dili ayırdetmə həssaslığını biz irsi yolla alırıq. Uşaqlar bir-birindən danışmağa başlama yaşına, nitq səlisliyinə və dil zənginliyinə görə çox ciddi fərqlənirlər. Psixogenetiklər, genlərin bu prosseslərə təsirini öyrənərkən çox maraqlı nəticələrə gəlib çıxırlar. Məsələn, ROBO2 geninin müxtəlif variantları uşağın mənimsədiyi sözlərin sayına ciddi təsir edir. FOXP2 geni isə nitqin inkişafı və grammatikanın mənimsənilməsi ilə bağlıdı. Genlər eyni zamanda xarici dillərin mənimsənilməsinə də təsir edirlər. Ana dilinin öyrənilməsində iştirak edən genlərin əksəriyyəti elə xarici dilin mənimsənilməsində də iştirak edirlər. Ümumiyyətlə, xarici dilin öyrənilməsinə təsir edən faktorların üçdə biri ana dilin öyrənilməsində iştirak edən genlər, digər üçdə biri başqa gen kombinasiyaları və qalanı da ümumi intellekt səviyyəsidir. 
 
Amma linqvistlər hesab edirlər ki, dillərin öyrənilməsinə genlərdə daha çox, insanın dildə olan struktur qanunauyğunluqları ayırd edib, onlara öyrəşmə xüsusiyyəti təsir edir. Universal qrammatika nəzəriyyəsi bu prinsipə əsaslanır.
 
 
Stressə davamlılıq
 
Genlərimiz, bizim sress vəziyyətinə necə reaksiya verməyimizə və bundan sonra orqanizmin bərpa olunması prossesinə ciddi təsir edir. İmmun və sinir sistemlərinin işinə təsir edən bəzi genlər stressdən sonra yaranan posttravmatik stress pozğunluğu halının yaranması ehtimalını artırırlar. Məsələn, dofamin və seratonin reseptorlarının genləri, insanın stress vəziyyətini nə qədər ağır keçirməsi və bundan sonra bərpaya nə qədər vaxt gərəkdiyinə təsir edir.
 
Bundan başqa stressin öhdəsindən gəlmə qabiliyyətinə, insanın immun sisteminin xassələri də təsir edir. Genetik olaraq güclü iltihabi reaksiyalara meylli immun sisteminə malik insanlar, yüksək stress mühitində, ürək-damar sistemi və autoimmun xəstəliklərə daha çox meylli olurlar.
 
Genetik apparat doğuşdan sonra da ətraf mühit şərtlərinə uyğunlaşır. İnsan və heyvan balaları üzərində aparılmış müşahidələr göstərir ki, erkən yaşlarda güclü stress yaşamış uşaqlar və heyvan balalarının sressə cavab reaksiyaları həmişəlik dəyişir. Analarından bir neçə saatlığa ayrılmış siçovullar üzərində aparılan təcrübə göstərir ki, kortizol reseptorunun geninin metilləşməsi səviyyəsi yüksəlir. Nəticədə bu genin aktivliyi həmişəlik aşağı düşür. Buna oxşar əlamətlər boşanma və ya ölüm nəticəsində valideynlərdən birini itirmiş uşaqlarda da müşahidə olunur. 
 
Bundan başqa erkən stress, siçovullarda bəzi öyrənmə qabiliyyətlərinin də aşağı düşməsinə səbəb olur. Bu heç də o demək deyil ki, onların genləri stresslə üzləşməyən siçovulların genlərindən “pisdir”. Erkən körpəlikdə stress yaşamış siçovullar yeni şeyləri öyrənməkdə çətinlik çəksələr də, artıq mənimsədikləri qabiliyyətləri daha yaxşı yadda saxlayırlar.
 
 
Emosionallıq
 
Ehtimal edilir ki, uşaqlar, artıq doğuşdan müəyyən emosional tipə və temperamentə malik olurlar. Heç bir həyat təcrübəsi olmayan yenidoğulmuşlar özlərini müxtəlif cür aparırlar. Bunun səbəbi valideynlərdən mənimsənilmiş genlər ola bilər. Tək (identik) və çox yumurta əkizləri üzərində aparılan tədqiqatlar göstərir ki, insanın gələcək həyatda utancaq və ya ünsiyyətcil, narahat və ya sakit olacağını, onun valideylərindən irsən aldığı genlər təyin edir. Tək yumurta əkizlərinin müxtəlif qıcıqlara reaksiyaları eyni olduğu halda, müxtəlif yumurta əkizlərinin və əkiz olmayan bacı və qardaşların davranışları bir-birində xeyli fərqlənir. Bu onu göstərir ki, bu davranışlar genetik faktorlarla əlaqədardır. İrsiyyətin təsir edə biləcəyi ehtimal olunan xüsusiyyətlər əsasən utancaqlıq, ünsiyyətcillik, emosionallıq, impulsivlik, özünü bədbəxt hiss etmə xüsusiyyəti, ətraf mühitə adaptasiya qabiliyyəti və müsbət və mənfi emosiyaları balanslaşdırma bacarığıdır. Bütün bu xüsusiyyətlərin təyinində genetik faktorların payı 20-60% arasında dəyişir.
 
 
Alkohola davamlılıq
 
İnsan hüceyrələrində içkiyə meylliliyi müəyyən edən genlər var. Onlar bədəndə etil spirtini oksidləşdirən fermentləri kodlaşdırırlar. Bu fermentlərdən biri, spirti orqanizm üçün zəhərli asetaldehidə çevirdiyi halda (bu zaman içkidən sonra başağrıları, ürəkbulanma və digər əlamətlərin müşahidə olunan poxmel halı yaranır), digəri asetaldehidi tamamilə zərərsiz birləşmələrə parçalayır. İnsanın nə qədər alkohol qəbul edəcəyi bu fermentlərdən asılıdır. Spirtin asetaldehidə çevrilməsi sürətli gedən insanlar daha az içkiyə meylli olurlar. Çünki xoşagəlməz əlamətlər tez yaranır və içkidən gözlənilən həzz, bu xoşagəlməz hisslərin arxasında qalır.
 
Bundan başqa, sinir impulslarının ötürülməsini tənzimləyən genlər də mövcuddur. Bütün bunlar insanın alkoholla bağlı emosional vəziyyətinə təsir edir. İnsanın alkohol və narkotik maddələrə aludəçiliyə meylliliyi bu genlərlə bağlı ola bilər. 
 
Amma bu o demək deyil ki, genlər, insanın alkoholik və ya narkoman olacağını mütləq şəkildə təyin edir. Bununla belə, genlər müxtəlif maddələrdən asılılığın molekulyar əsaslarını daha yaxşı anlamağa kömək edir.
Mənbə: Azlogos.eu

Leave A Reply