Prezident İlham Əliyev Brüsseldə Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdən sonra İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. O, Azərbaycan-Ermənistan münaqişəsindən, müharibədən sonrakı vəziyyətdən danışıb. Müsahibənin əsas məqamlarını təqdim edirik!

Münaqişə haqqında:

İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Buna görə də Ermənistan cəmiyyətində siyasi spektrində revanşizm əlamətləri görünür. Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Sülh müqaviləsi:

Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.

Sərhədlərin açılması:

Biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub.

Zəngəzur dəhlizi:

İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik.

Erməni əsirlərin qaytarılması:

Siyahı bəllidir, beynəlxalq təşkilatlar və ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir. Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib.

Müharibə və istifadə edilən silahlar barədə:

Beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi.

Bizdə İsrailin hava hücumundan müdafiə sistemi var, Rusiyanın hava hücumundan müdafiə sistemi var – S300. Bizim “BUK” tipli hava hücumundan müdafiə sistemimiz var. Beləliklə, bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək də həmçinin ciddi hədəf idi və hava hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi ilə biz özümüzü böyük faciədən qoruduq.

Biz Ermənistanın hava hücumundan müdafiə sistemini məhv edirdik.

Azərbaycanın dron satışı:

Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var.

Mənbə: Mikroskop Media

Leave A Reply