Türk Dövlətləri Təşkilatının zirvəsi
Azərbaycan prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü zirvə görüşünə qatılmayıb. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak etdiyi görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Əliyevin zirvəyə getməməsi Bakı ilə Ankara arasında son həftələrdə artan gərginlik fonunda baş verib. Gərginlik sentyabrın sonunda Azərbaycan məktəblərində yeni vahid geyim qaydalarının tətbiqindən sonra hicablı şagirdlərin dərslərə buraxılmaması ilə başlayıb. Hicabını açmaqdan imtina edən bəzi müəllimlər işdən çıxarılıb, məktəblərin qarşısında etiraz aksiyaları keçirilib.
Hadisələr qısa müddətdə ölkə sərhədlərini aşıb, Türkiyə başda olmaqla bir sıra ölkələrdə etiraz aksiyaları keçirilib. Türkiyə prezidentinin baş müşaviri Oqtay Saral X hesabında Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun əllərindən alınmasını qəbul edilməz adlandırıb. Bir neçə gün sonra, oktyabrın 26-da Saral prezident Rəcəb Tayyib Ərdoğana istefa ərizəsi təqdim etdiyini açıqlayıb. Onun istefasının rəsmi Bakının tələbi ilə baş tutduğu iddia olunur.
Elə həmin gün İstanbulda Azərbaycan hökumətinin arzuolunmaz şəxs elan etdiyi Məhəmməd Əmin Yıldırım saxlanılıb. Çıxışlarında Azərbaycan hökumətini tənqid edən və İsraillə münasibətlərə görə İlham Əliyevi “sionist dostu” adlandıran Yıldırım ifadə verdikdən sonra sərbəst buraxılıb. Onun saxlanılması Türkiyə cəmiyyətində narazılıqla qarşılanıb.
Bundan əvvəl Azərbaycan hökuməti aralarında türkiyəli millət vəkilləri, siyasətçilər və partiya sədrlərinin də olduğu 31 nəfəri arzuolunmaz şəxs elan edərək onların ölkəyə girişini qadağan edib. Baş Prokurorluq daha 7 nəfər barəsində beynəlxalq axtarış qərarı çıxarıb.
Gərginliyin arxasında İsrail faktoru da dayanır. Bakıda keçirilən son zirvə görüşünə Ərdoğan gəlməyib, Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib. İsrail prezidenti İsaak Hersoq tribunaya çıxıb nitqinə başlayanda Fidan iclas zalını tərk edib.
Ankara zirvəsində Azərbaycanın prezident səviyyəsində təmsil olunmaması iki ölkə arasındakı soyuqluğun hələ davam etdiyini göstərir.