İlham Əliyevin hakimiyyətə gəlməsindən 21 il keçir 

15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərinin rəsmi nəticəsinə etiraz edən insanlar ertəsi gün Azadlıq meydanına toplaşmışdı. Ölən və yaralananların olduğu həmin etirazlar polisin amansız qəddarlığı ilə tarixə düşdü. 

O günün ağır izlərini daşıyanlardan biri də Mahirə Muradovadır. Polis zorakılığı nəticəsində ciddi zədələr alan Mahirə xanım sağ gözünün görmə qabiliyyətini həmişəlik itirib. 

Bir neçə il sonra Avropa İnsan Hüquqları Məhkəməsi Mahirə Muradovanın zorakılığa məruz qaldığını təsdiqləyərək, Azərbaycan hökumətinin ona təzminat ödəməsi barədə qərar çıxarıb. 21 il sonra Mahirə Muradova həmin günə dair xatirələrini bölüşür.

O deyir ki, 2003-cü il prezident seçkiləri onun seçki ilə bağlı bütün fikirlərin alt-üst edib:

“2003-cü ildə düşünürdük ki, ədalətli seçki keçiriləcək. Neft müqaviləsi bağlandı, kim nə istədi əldə elədi, indi nəhayət istədiklərini əldə edəndən sonra bizim də istədiyimizi verəcəklər. Təbii ki, xalqın istəyi nə idi, səsinə sahib olmaq idi. Amma necə seçki keçirildi? Getdim seçki məntəqəsinə, gördüm ki, dirilərimin adı seçicilər siyahlısında yoxdur, ölülərimin adı siyahıda başdadır. Dünyasını dıyişmiş qohum-əqrəbam, bacım, yeznəm, qohum-əqrəbamın adları seçki siyahına salınıb, özü də yuxarı başda”.

Mahirə Muradova seçkinin səhəri günü, 16 oktyabrda Azadlıq meydanına etiraz mitinqinə gedib. Deyir polis etirazçılara mane olmaq üçün əvvəlcə yolu bağlayıb, sonra isə basabas düşüb və Mahirə xanım dənizkənarı bulvara tərəf uzaqlaşmalı olub. Onun sözlərinə görə, mitinqi dağıtmağa əsgərlərlə, polislərlə birlikdə qara geyimli oğlanlar da cəlb olunub. Muradova deyir ki, qara geyimlilər əllərində armatur kəsikləri ilə polislərə hücum ediblər, ssenari idi bu.

Muradovanın sözlərinə görə, Azadlıq meydanındakı mitinqə yollana insan qat-qat çox olsa da, meydana cəmi 5 min insan buraxılıb, sonra isə yolları bağlayıblar. Deyir ki, güc strukturları çox hazırlıqlı idilər. Orada camaata divan tutdular.

“Meydanda bir neçə siyasətçinin çıxışına müdaxilə edilməyib. Mahirə Muradova deyir ki, İqbal Ağazadə orda idi, Sərdar Cəlaloğlu orda idi deyildi, bilmirəm Pənah Hüseynzadə orda idi. Bunlar yadımdadır, bəzi siyasilər orda idi, İsa Qəmbər yox idi orda. Arif Hacılı dedi gedirəm danışığa ki, imkan versinlər aksiya iştirakçıları sakit şəkildə meydanı tərk etsinlər. Ancaq insanlara böyük hücum çəkdilər, mən də orada idim, oradan çıxmaq istədim, lakin yerə yıxıldım, sonra qalxmaq istəyəndə artıq ətrafımda aksiya iştirakçılar deyil, polislər idi. Xahiş etdim ki, kömək edin, kömək əvəzinə dəyənəklə sifətimə vurdular, sifətimdən qan açıldı. 

O arada yaşlı bir kişi var idi Hökumət Evi tərəfdə. Yaxınlaşdı mənə, kömək etmək istədi. Getdik ombudsman Elmira Süleymanovanın yanına. O zaman öz işçiləriylə birlikdə pəncərədən meydanda baş verənlərə baxırdı. Qapını döydük ki, mənə yardım etsinlər. Qəribədir, Respublikanın bir nömrəli insan haqları müdafiəçisi, ombudsman Elmira Süleymanova üzü qanlı, yaralı bir insan qapısını döyür ki, mənə kömək edin, kömək etmədi”.

Mahirə Muradova daha sonra təcili tibbi yardımla xəstəxanaya aparılıb. Deyir ki, xəstəxana nə qədər çalışdımsa izah edim ki, mən gözümdən zədə almışam, dedilər ki, uydurma, sən gözündən zədə almamışam. Bu zaman böyük buz torbasını götürüb gözümün üstünə qoydular. Amma mənim gözüm partlamışdı, belə etmək olmazdı. Sonra məni xəstəxanadan çıxartdılar, mənə dedilər sən get. Dedilər, biz bacardığımızı elədik. Gözümün hələ qanı axırdı. 

Mahirə Muradova iddia edir ki, 16 oktyabr etirazlarında 10-dan yuxarı adam ölüb, lakin ailələrinə olan təyiq ucbatından insanlar yaxınlarının ölümləri məlumat yaymayıblar. Deyir ki, bircə Həmidağa bəyin şəhid oluğu elan olundu. Xeyli də insan əlil olub. Mən də lupa ilə görürəm. Tanımadığım yolda gedəndə çox çətinlik çəkirəm.

Mahirə xanım hesab edir ki, 16 oktyabr hadisəsi Azərbaycan xalqının düşüncəsində böyük zədə olub. Bunun mahiyyətini dərk etmək hərdən adama qorxulu gəlir. Düşünürəm ki, mən haqlı idim 2003-cü ildə, o meydana çıxmaqla haqlı idim. Mən xalqımı qınayıram. Mən o polisləri qınayıram ki, xalqa əl qaldırdılar. Bu gün onlar hamıdan betərdirlər, onlar indi təqaüddədirlər, ehtiyac içində yaşayırlar. Mənim vəziyyətimi bilən keçmiş polis məndən üzrxahlıq edir ki, bu hala düşmüsüz. Ac-yalavac pis gündəyik, aldığımız pul 10 günümüzə zorla çatır. İndi dəyərləndirənlər dəyərləndirir, dəyərləndirməyənlər özləri bilsinlər, ancaq 2003-cü ildə Azərbaycan xalqı öz sözünü dedi, səsinə sahib durmaq istədi, könüllü şəkildə səsindən imtina etmədi, haqqını-hüququnu İlham Əliyevə verməyib, hakimiyyətdə oturanlara verməyib.

Leave A Reply