Son illər kommersiya, art-haus kinosunun xeyli inkişaf etməsinə baxmayaraq, hələ də dövlət büdcəsindən, məmurların lütfündən asılı olan Azərbaycan kinosu haqqında danışanda müqayisə apardığımız ölkələrdən biri, bəlkə elə birincisi İrandı. Çünki İran bizim üçün qadağalar ölkəsidi. İdeyasından, toxunduğu problemlərdən asılı olmayaraq açıq-saçıq səhnəli, İslam qaydalarına zidd sayılan filmlər, tamaşalar, kitablar orda qadağandı. Amma bu yasaqlar ölkəsində incəsənətin ən azad, çərçivələrə sığmayan bir növü nəinki inkişaf eləyib, hətta fenomenə çevrilib – çılpaq qadınlarsız, erotikasız, söyüşsüz, qansız. Günü-gündən qəddarlaşan, sinikləşən dünya kinosu bir tərəfdədi, sadə, insani duyğuları vəsf eləyən, humanizmdən danışan İran kinosu – Abbas Kiarostami, Möhsün Mahmalbaf, Məcid Məcidi, Bəhram Qubadi vəs. digər tərəfdə. (Əsgər Fərhadinin  adını yazmıram, çünki onun üslubu, mövzuları, kino dili adları sadalanan rejissorların kinosundan bir az fərqlidi).

Amma bu isimlər qəflətən yoxdan var olmayıblar. İslam İnqilabına qədər də İranda diqqətəlayiq, sosial mövzulara toxunan, ölkənin gerçəkliyindən bəhs eləyən filmlər çəkilirdi. 60-cı illərin sonlarında Bəhmən Fermanara, Daryuş Mehrcuyi, Fərrux Qaffari kimi xaricdə təhsil almış rejissorlar İran kinematoqrafiyasında “Üçüncü cəbhə” adlanan hərəkat başlatmışdılar və farsi (musiqili-rəqsli cahil filmlər) filmlərə, İran bazarının yarıdan çoxunu işğal eləmiş əcnəbi kino məhsullarına alternativ, estetik qaydalara uyğun, insani, realist, eyni zamanda bəşəriyyətin iqtisadi, siyasi və mənəvi problemlərini əks etdirən, Avropa festivallarında mükafatlar qazanan fərqli kino yaradırdılar. Məsələn, Daryuş Mehrcuyinin “İnək” filmi 1971-ci ildə Venesiya Kinofestivalında kinotənqidçilərin (FİPRESSİ) mükafatına layiq görülmüşdü, dahası, Avropa mətbuatı rejissoru “Venesiya festivalının ən böyük kəşfi”, “yeni Pazolini” adlandırmışdı. Bu inkişafın səbəbi heç də şah dövründə senzuranın olmaması deyildi. Əksinə, o dövrün də öz senzuraları vardı, özü çox ciddi. İranlı rejissorlar o illərdə tətbiq olunan senzura haqqında danışarkən “Molyeri ekranlaşdırmaq üçün icazə almağa getdik, Molyerin gəlməyini tələb elədilər” deyirdilər. Üstəlik, iranlı rejissorların fəaliyyətinə təkcə senzuralar mane olmurdu, onlar həm də İranın kino bazarını ələ keçirmiş Amerika kinoşirkətləri tərəfindən də sıxışdırılırdılar. Yəni senzuraya qarşı “immunitet” iranlı rejissorlarda lap əvvəldən vardı və İslam inqilabından sonra hədəfini dəyişib daha da ağırlaşan senzuradan qorunmağın yollarını çox tez tapmışdılar. 

1970-cu ildə baş verən İslam inqilabından dərhal sonra “qərbdən gələn digər şeylər kimi (teatr, rəqs, kişi və qadınların bir yerdə üzməyi) kino da gəncliyimizin mənəviyyatını pozur, onların fəzilətlərini və qəhrəmanlıqlarını boğur” deyən dindarlar, “İranın, qərbin pozğun və ateist təsirindən təmizlənməsi naminə mədəni inqilab” adı altında bütün sahələrə hücuma keçmişdilər.

Ölkədəki ali məktəblər qeyri-müəyyən müddətə bağlanır, professorlar, tələbələr köhnə rejimlə əməkdaşlıqda təqsirləndirilərək qovulurdular, şah zamanında cəmiyyətin ictimai-sosial həyatında fəallıq göstərən qadınlar həbs olunur, işgəncələrə məruz qalırdılar.

Xomeyninin elan elədiyi “mədəni inqilab” proqramına qarşı çıxanlar xüsusi inqilabi tribunallar, “yaradıcı cihad” və digər komitələr vasitəsilə cəzalandırılırdı.

Əcnəbi filmlərin nəinki nümayişi, hətta videokasetlərin saxlanılması və satışı da qadağan olunmuşdu. Ayətulla Xomeyninin “Biz kinematoqrafiyaya qarşı deyilik, fəsad yayan işlərə qarşıyıq. Bir filmin təsiri yüz cild kitab və jurnaldan daha çoxdu” deməyinə baxmayaraq, yerli kino da “mədəni inqilab”dan öz nəsibini almışdı.

Cihan Aktaş “Şərqin şeiri: İran kinematoqrafiyası” kitabında həmin dövrü belə təsvir eləyir: “İnqilabdan sonrakı bir neçə ildə kino mühiti bədbin bir mənzərəyə sahib idi. Kino xadimlərinin, rejissorların bir qismi Qərbə köçmüş, bir qismi isə peşəsini dəyişmişdi. İnqilabdan dərhal sonra bütün kinoteatrların fəaliyyəti dayandırılmış, ancaq bir ay keçməmiş Mədəniyyət Nazirliyi onların təcili işə başlamalı olduqlarına qərar vermişdi”.

Nazirliyin bu qərarının ardınca həmin vaxta qədər çəkilmiş və ya idxal olunmuş filmləri saf-çürük eləyən şura yaradılmışdı.

Ancaq qurum üzvləri öz aralarında hansılarının anti-imperialist, hansılarının inqilabi olduğuna heç cür qərar verə bilmədiklərindən əvvəl türk, hind və yapon, sonra da amerikan filmlərinin idxalına qadağa qoyulur, yerli filmlər dəfələrlə kəsilib-doğranaraq “islami ölçülərə” uyğunlaşdırılandan sonra ekranlara buraxılırdı. 1981-ci ildən ssenari yazmaq üçün də icazə almaq tələb olunur, hətta kinoda işləyənlərə  məcburi dini təhsil vermək təklif edilirdi.

A.Kiarostami, Kamran Şirdel, Məsud Kimyayi, D.Mehrcuyi, B.Fermanara, H.Daryuşun birgə bəyanatı olmasaydı, yəqin ki, bu böhran hələ uzun illər davam eləyərdi.

Artıq ustad adını qazanmış rejissorlar sözügedən bəyanatda bildirirdilər ki, “dövlət mədəniyyət və incəsənət sahəsində heç bir siyasət tətbiq etmir, radio və televiziyanın atmosferi istibdad dönəmini xatırladır. Kitabların məhv edilməsi, senzura, teatr qruplarına vəhşi hücumlar təzyiq əlamətləridi. Sənətkarların barışmağını və təslim olmağını istəməsəniz, onlar cəmiyyətin həqiqətlərini öz xəyal gücləri ilə göstərərək xalqın və ölkənin inkişafına kömək edəcəklər”. (K.Çağlayan “İran kinosunun dosyesı”).

Rejissorların müraciəti, həmçinin şah dövrü sənətçilərinin həbsini tələb eləyən İrşad Nazirliyinə qarşı etirazlar nazirin dəyişdirilməsi ilə nəticələnir. Bundan sonra 1983-cü ildə Fərabi Kino İnstitutu yaradılır, Fəcr Kino Festivalı təsis olunur və İran kinematoqrafiyasının, hətta İraqla müharibənin davam elədiyi illərdə belə səngiməyən inkişafı başlayır.

Fərabi İnstitutunun nəzdində qurulan peşəkarlardan ibarət komanda bir neçə mərhələdən ibarət proqram hazırlayır.

Bura milli kinonun infrastrukturunu yaratmaq, texniki və iqtisadi problemlərin həlli, sənət baxımından keyfiyyətli məhsul istehsalının təmini, bundan ötrü ildə, ən azı, qırx film çəkmək, kino təhsili üçün imkanlar hazırlamaq və s. daxil idi.

“Təbliğat sayəsində yüzlərlə gənc kinoya meyllənir. 1984-cü ildə İranda artıq 22 film çəkilir, növbəti il isə onların sayı əlliyə çatır” (C.Aktaş). 

Əcnəbi filmlərin idxalı da Fərabi İnstitutunun nəzarəti altında həyata keçirilir. Hər il İran ekranlarına çıxan 40 film dünya kinosunun usta rejissorlarının ən yaxşı filmləri arasından seçilir.

Əyalətlərdə kinoya maraq yaratmaq məqsədilə lokal xarakterli süjetlər dəstəklənir. 1987-ci ildən etibarən böyük ekranlara çıxan filmlər keyfiyyətindən asılı olaraq kateqoriyalar bölünməyə başlayır- ən yaxşı rejissor, ən yaxşı sssenari müəllifi və filmə daha yaxşı şərait yardılır, biletləri baha satılır, televiziyada, şəhər və əyalət mərkəzlərində, nəqliyyat vasitələrinin üzərində reklam edilir.

Abbas Kiarostaminin “Gilas dadı” kimi festivallarda qalib gələn, amma sadə tamaşaçılar tərəfindən o qədər də anlaşılmayan filmlər isə xüsusi kinoteatrlarda nümayiş olunur. Dahası, Fərabi İnstitutu İran kinosunun festivallarda iştirak miqyasını genişləndirməyə çalışır, belə ki, bəzən festivallara özəl filmlər də çəkilir.

1985-ci ildə Əli Naderinin “Qaçışçı” filmi Nant Festivalının baş mükafatını qazanıb, 87-də “ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar”a namizəd göstərilib (İran hökuməti filmin iştirakına icazə verməyib), 1986-cı ildə Məsud Cəfərinin “Soyuq yollar” filmi Berlin festivalına qəbul olunub. İran kino xadimləri həmin dövrü “Coşqu qığılcımları dönəmi” adlandırırlar.  

Təbii ki, İran kino mühiti güllük-gülüstan deyil.

Senzuranın qayçısı əvvəlki kimi işləyir, amma hökumət başçılarının, məmurların dünyagörüşündən asılı olaraq gah iti kəsir, gah da bir az demokratikləşir.

Məsələn, dövlət hesabına film çəkmək istəyən rejissorlar hələ 1998-ci ilə qədər ssenari üçün belə icazə almalı idilər. Hələ də islam dininə və onun atributlarına (peyğəmbərlər, imamlar, kitablar və s)  həqarət sayılan, yaxud ölkəni gözdən saldığı düşünülən sözlər, epizodlar ya kəsilir, ya da yenidən çəkilməyi tələb olunur.

Bununla belə İranda artıq öz ənənələrinə, özəl kino dilinə malik, bünövrəsi möhkəm bir kinematoqrafiya yaranıb və o, beynəlxalq festivalların məmnuniyyətlə qəbul edilən qonağıdı.

Məhz, kinematoqrafiyanın sayəsində bütün dünya, öz silahları, ordusu ilə Qərbi hədələyən, Donald Trampın, az qala, hər çıxışında məhvini tələb elədiyi İrandan fərqli, humanist dəyərlərə üstünlük verən, geniş dünyagörüşlü insanların yaşadığı bir İranın da olduğunu bilir. 

Aygün Aslanlı

Leave A Reply