İraq-İran
İraqın xarici işlər naziri Fuad Hüseyn “Al Jazeera”ya eksklüziv müsahibəsində ABŞ-nin İraqdan İranla sərhəddəki iki keçid məntəqəsindən başqa hamısını bağlamağı rəsmən istədiyini təsdiqləyib. Onun sözlərinə görə, İraq Tehranla dostluğu və müttəfiqliyi alqışlayır, amma onun daxili işlərinə qarışmasını qəbul etmir.
Nazir deyib ki, Bağdadın xarici tərəflərin İraq ərazisindən qonşu ölkələrə hücum üçün istifadə etdiyinə dair sübutları var və İraq ərazisindən Körfəz ölkələrinə edilən hücumları araşdırır. Səudiyyə Ərəbistanı İraqdakı İranyönlü qrupları neft infrastrukturuna hücumda ittiham edir, Bağdad sentyabrda Səudiyyənin Şərq-Qərb boru kəmərinə dron hücumlarının İraq ərazisindən edildiyini təsdiqləmişdi. Hüseyn Ər-Riyadla fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək istədiklərini bildirib.
Nazirin sözlərinə görə, Bağdad İranyönlü silahlı qruplaşmalarla onların silahlarını dövlət nəzarətinə vermək barədə danışıqlar aparır və bu proses güclə yox, dialoqla aparılmalıdır, bu məsələdə Tehranla da əlaqə saxlanılır. İraq hökuməti əvvəlcə bunun üçün son tarixi sentyabrın 30-u təyin etmişdi, müqavimətlə üzləşdikdən sonra müddəti 2027-ci ilin iyununa uzadıb.
Hüseyn həmçinin deyib ki, Hörmüz boğazından neft ixracının dayanması İraqa təxminən 60 milyard dollar itki vurub, Vaşinqton və Tehranla anlaşmalardan sonra ixrac bərpa olunub. Eyni gün ABŞ Mərkəzi Komandanlığı İrana quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi işçi qrupu yaratdığını açıqlayıb.


