“Qalib” və “məğlub” dinamikasını tərsinə çevirəndə İkinci Qarabağ Müharibəsi Ermənistan tərəfinin konfliktlə bağlı dediyi əsas şeyləri örtən riyakarlığı və illuziyaları aşkara çıxardı. Bu aydınlaşmaya baxmayaraq Azərbaycan və Ermənistan arasında yeni dinamika yaranmadı.
İki il əvvəl azərbaycanlı dostum mənə 20 qəpik hədiyyə edib. Onu pulqabımda ayrı yerdə saxlayıram ki, görünməsin, ya da haradasa düşüb məni pis vəziyyətdə qoymasın.
Təxminən iki ay əvvəl Yerevanın mərkəzindən şəhər kənarında yerləşən evimə getmək üçün taksiyə mindim. Taksi mənzilbaşına çatanda hiss etdim ki, pulqabımdan nə isə düşdü. Maşın qaranlıq idi və düşündüm ki, “vəssalam, tapa bilməyəcəm”, amma sonra sürücüdən xahiş etdim ki, işığı yandırsın. Aşağı baxdım və Azərbaycan qəpiyini gördüm. Onu bacardığım qədər tez götürdüm. Qorxu ilə sürücünün gözünə baxdım, amma onun təbii ki, baş verənlərlə bağlı heç bir fikri yox idi.
Əgər işığı yandırmağını xahiş etməsəydim nələrin baş verə biləcəyi barədə düşündüm. O yazıq sürücü Azərbaycan qəpiyini maşının arxa oturacağında tapacaqdı və böyük ehtimal düşüncəkdi ki, Yerevanda azərbaycanlı peyda olub və onun müştərisi olub. Çox güman ki, casus olan bu azərbaycanlı həmin qəpiyi onun maşınına qəsdən atıb…
Şübhəsiz ki, orada azərbaycanlı dostunun ona hədiyyə etdiyi qəpiyi saxlayan erməni qız olduğunu düşünməkdənsə, bu versiya daha məntiqli idi. Niyə Ermənistanda kiminsə azərbaycanlı dostu olmalıdır ki? Son 30 ildə bu çox qəribə olardı, amma xüsusilə də indi.
Mən hələ də bir il əvvəl müharibə olduğunu anlamaqda çətinlik çəkirəm. Zaman-zaman keçən ilin xatirələri bulanıqlaşır və elə görünür ki, biz hələ də müharibə haqqında danışanda 1990-cı illərə istinad edirik. Müharibəni, onun nəticələrinin bizim cəmiyyətə verdiklərini başa düşməkdə hələ də çətinlik çəkirəm.
Həm öz liderlərinin, həm də “yaxınlaşmaqda olan zəfər”in ətrafında heç vaxt olmadığı qədər birləşən erməni cəmiyyəti bir günün içində iki yerə bölündü. Erməni cəmiyyəti öz daxilində və özünə qarş dönərkən köhnə danışılanlar təkcə müharibənin yox, həm də son 30 ilin illuziyasını, şoklar silsiləsini davam etdirdi.
Birincisi, müharibənin ilk günündən, hətta ondan əvvəl də əlamətləri görünən, gözlənilməz məğlubiyyətin saf şoku idi. Bir müddət sonra isə təkcə müharibə dövründə yox, ümumiyyətlə son 30 ildə bizdən çoxlu sayda faktın gizlədildiyi aydın oldu.
Nəhayət, bütün hər şeyin reallığının dərki baş tutdu. İtirilmiş ərazilər, qaçqınlar və bütün bunlardan əlavə tanışlarını, dostlarını, sinif yoldaşlarını, qardaşlarını, atalarını, oğullarını, ərlərini, sevgililərini heç vaxt görməyəcək minlərlə insan.
İronikdir, hə?
Bütün ermənilərin məğlubiyyətə reaksiyasında məni əslində ən çox silkələyən qəfil “yer dəyişikliyi”nə olan reaksiya idi. Son 30 il ərzində əmin olmuşuq ki, biz ermənilər sülhsevərik və azərbaycanlılara onların bizə nifrət etdiyi qədər nifrət etmirik. Biz düşünürdük ki, sırf azərbaycanlı olduğuna görə yatan adamı öldürmərik. Biz sadəcə sülh istəyirik, amma onlar razılaşmır.
Ancaq mən başa düşdüm ki, sən “qalib” tərəflə “məğlub” tərəfin kollektiv hisslərini eyni tərəzi ilə ölçə bilmərsən. Əgər hətta azərbaycanlılar bizə daha çox nifrət ediblərsə belə, bunu birinci Qarabağ müharibəsinin, itirilmiş ərazilərin, 700-800 min məcburi köçkünün travması ilə əsaslandırmaq olardı.
Lakin bizim tərəf bu barədə heç vaxt düşünməyib. Biz heç vaxt təsəvvür etməmişik ki, “Şuşanın azad olunması”nı qeyd etmək digər tərəf üçün nə deməkdir. Biz, azərbaycanlıların bizə daha çox nifrət etdiyi barədə danışanda heç vaxt özümüzün qələbə ilə bağlı minlərlə mahnımızı, filmlərimizi, zəfər muzeyini, tarix kitablarını, dərslikləri və hətta küçə incəsənətini düşünməmişik.
“Onlar”ın “biz”ə daha çox nifrət etməyi və ya bizim qədər sülh istəməməyi həmişə onların “barbar və zorakı təbiəti” ilə əsaslandırılırdı, lakin biz isə sadəcə sülh içində yaşamaqdan başqa heç nə istəməyən “yazıq insanlar” idik.
Mən azərbaycanlıların necə nifrət dolu olduğu və sülhə hazır olmadığı barədə uzun illər danışan bir kişini xatırlayıram. Bu yaxınlarda, o mənə dedi ki, bəzi azərbaycanlıların sərhədlərin açılmağından və əlaqələrin normallaşmağından danışmağı necə ironikdir, indi onlar istədiyi hər şeyi götürüb və bizim hər hansı formada sülhə razılaşmağımızı gözləyirlər, amma onların şərtləri ilə.
O bunları deyəndə mənim yeganə düşündüyüm şey bu idi; biz də eyni şeyi etmirdik? Əgər “onlar” barbar və zorakı olduğuna görə sülh istəmirdisə, bəs biz indi niyə Azərbaycanın təklif etdiyi sülhə razılaşmaqda çətinlik çəkirik? Necə olur ki, sülh və münasibətlərin normallaşması bizim üçün rahat olanda ədalətsiz gəlir, amma biz məğlub tərəf olanda hər ikisini, həm sülh, həm də ədaləti istəyirik?
Paralel reallıq
Müharibədən əvvəl, göz qırpan “vətənpərvər” narrativ Ermənistanda monopoliya hesab olunurdu, amma fərqli hekayə danışan paralel narrativ hələ də kiçik toplantılarda, mətbəx söhbətlərində qalmaqda idi.
Məğlubiyyətdən sonra bu ikinci paralel gün üzünə çıxdı. Müharibə bitəndən bəri sülh təşəbbüsləri, ölkələr arası dialoq çiçəklənir, sülh quruculuğuna heç daxil olmamış insanları bir yerə gətirir.
Bütün bunlara baxıb düşünməyə bilmirəm; bunlar hamısı müharibədən əvvəl olsaydı nə olardı? Əgər bütün bu təşəbbüslər, 2020-ci il iyul döyüşlərində, ya da hətta ondan əvvəl olsaydı, əgər minlərlə üzvü olan bu cür inkluziv, açıq qruplar, 5-6 il əvvəl qurulsaydı yenə də müharibə olardı?
Ancaq ola bilsin ki, bu cür fikirlər çox optimistdir. Əgər gərginlik yenidən artsa, hazırda belə qrupların mövcudluğu müharibəni dayandıra bilər? Bu qruplardakı insanlar səriştəsiz idarəetməyə və ölçüyəgəlməz hərisliyə qarşı döyüşə bilərlərmi?
Mən üzərində ölmüş əsgərlərin şəkli olan köynəyi geyinmiş və əlində “Sünik yox, Zəngəzur” – Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın cənub vilayəti Süniklə bağlı itirilmiş ərazini geri istəyən iddialarına işarə edən posteri tutan azərbaycanlı məktəblinin fotolarını görəndə təkcə bunu düşündüm; bunu necə bir şey dayandıra bilər?
İkinci Qarabağ Müharibəsində minlərlə insan öldü, əlində hakimiyyət olanlar üçün isə davam etmək üçün ən asan yol qisas arzusunu bəsləməkdir. Birinci müharibə travma nəsli doğub, yeni nəslin ikinci müharibənin travmasını miras götürməyinin qarşısını almaq üçün çox gecdir?
Yeni sülh quruculuğu təşəbbüsləri, qrupları və proqramlarına baxanda çox istərdim özümü inandırım ki, o insanlar, onların bir nəfəri belə boş yerə ölməyib. İstərdim düşünüm ki, ən azı insanlar münaqişənin və bir-birimizə nifrətin nəyə səbəb olduğunu başa düşəcək.
Düşündüm ki, bu müharibədə itirdiyimiz insanlar münaqişəyə görə ölən son insanlar olar.
Belə ümid çox tezdir. Amma belə görünür ki, biz yenə köhnə “müharibə yox, sülh yox” qeyri-müəyyənliyində ilişib qalmışıq və hər hansı səhv addım, uzun müddət davam edən hərəkətsizlik bizi yenidən faciəvi müharibəyə apara bilər.
Ümid edirəm ki, bütün bunlardan qaça bilərik. Bununla yanaşı, çalışıram xəyal edim ki, gələcəkdə bir gün mən pulqabımda Azərbaycan qəpiyi gəzdirdiyimə görə özümü cinayətkar kimi hiss etməyəcəm, bunun əvəzində Azərbaycana getmək və o pulu istifadə etmək azadlığım olacaq.
Müəllif: Arpi Bekaryan
Mənbə: OC Media
Tərcümə: Mikroskop Media