Naxçıvanda polis gənc sürücünü döyüb

“Gündəlik Naxçıvan” nəşrinin məlumatına görə, polis əməkdaşları gənc sürücünü saxlayaraq, onun içkili olduğunu bildiriblər. Sürücü isə bunu rədd edib və xəstəxanada yoxlanmağa hazır olduğunu deyib.

İddiaya görə, polis əməkdaşları tibbi müayinə əvəzinə sürücüdən 500 manat tələb ediblər:

“Dedilər ki, ya pul indi gəlməlidir, yaxud maşın da, sən də içəri gedəcəksən”.

Sürücü pul verməkdən imtina etdikdən sonra mübahisənin böyüdüyü, hadisə yerinə əlavə YPX əməkdaşlarının gəldiyi və 5-6 polis əməkdaşının sürücüyə zorakılıq tətbiq etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, zorakılıq nəticəsində sürücünün qolu qırılıb və qabırğaları sınıb. Onun kimliyi və hazırkı sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Yerli sakinlər son vaxtlar Naxçıvanda sürücülərin “içkilisən” adı ilə saxlanılması, onlardan pul tələb edilməsi, etiraz edənlərin isə zorakılıq və həbs hədəsi ilə üzləşməsi hallarının artdığını bildirirlər.

Naxçıvanda polis gənc sürücünü döyüb

Leave A Reply