“Novaya Qazeta”nın son günü

Rusiyanın ən tanınmış müstəqil nəşrlərindən olan “Novaya Qazeta” noyabrın 9-da fəaliyyətini dayandırıb. Baş redaktor Sergey Sokolov son redaksiya iclasında deyib: “Hazırda qəzet yoxdur. Amma jurnalistlər qalıb. “Novaya Qazeta” bir ideya kimi qalıb”. Redaksiya 30 oktyabrda yaydığı bəyanatda “Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı işi dayandırmağa məcbur edib” yazmışdı.

“The Economist”in yazdığına görə, rəhbərliyə oktyabrın 19-da Moskvanın Potapovski döngəsindəki binadan çıxmalı olduqları bildirilib. Nobel mükafatı laureatı, qəzetin təsisçilərindən Dmitri Muratov və Sokolov oktyabrın 26-da qonşu binanın zirzəmisində əməkdaşlarla görüşüb, qəzetin “ekstremist təşkilat” elan oluna biləcəyi, jurnalistlərin həbs edilə biləcəyi üçün bağlanma qərarı veriblər. “Biz ölmədik, bizi konstitusiya ilə birlikdə öldürdülər”, - Muratov bildirib. Qəzet müharibə başlayandan sonra qeydiyyatdan məhrum edilib, oxucu ianələri sistemi söndürülüb, sentyabrda “xarici agent” elan olunub.

Son gün redaksiyanın divarlarından qəzetin öldürülən əməkdaşlarının, Anna Politkovskaya, Yuri Şekoçixin, İqor Domnikov və Natalya Estemirovanın, həmçinin Anastasiya Baburova və vəkil Stanislav Markelovun portretləri götürülüb. Əməkdaşlar binanı alqışlar altında tərk edib, lövhənin üstünə “Burada “Novaya Qazeta” yaşayırdı” yazılıb. “Novaya Qazeta sizə qayıdacaq”, - Sokolov deyib.

Kreml sözçüsü Dmitri Peskov isə bu gün jurnalistlərə deyib ki, müstəqil Rusiya mediası dövrünün bitdiyini söyləmək düzgün olmazdı: “Əlbəttə, ildən-ilə bəzi media qurumları fəaliyyətini dayandırır, onların yerini yeniləri tutur. Bu, adi rotasiya prosesidir”. Qəzet 1993-cü ildən çıxırdı.

Leave A Reply