Onlayn platformalarda söyüş

İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişikliklərlə ictimaiyyət arasında “söyüş qanunu” adını alan yeni maddələr qüvvəyə minib. Bu dəyişikliklər internet mühitində əxlaqsız ifadə və jestlərin yayılmasını inzibati xəta kimi müəyyən edir.

İXM-ə əlavə olunan 510.2-ci maddə qısa olaraq aşağıdakı məzmunu ehtiva edir:

  • İXM 510.2: İnternet informasiya ehtiyatında və ya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi, yəni əxlaqsız ifadələrin səsləndirilməsi, belə məzmunlu jestlərin edilməsi və ya insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi. Bu əməllərə görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur, əgər təkcə cərimə yetərli deyilsə, 30 günədək inzibati həbs tətbiq oluna bilər.
  • İXM 510.3: 510.2 maddəsi üzrə cəza almış şəxs eyni hərəkətləri bir il ərzində təkrar törədərsə, cərimə məbləği 1000 manatdan 2000 manatadək artır, inzibati həbs müddəti isə 1 aydan 2 ayadək yüksəlir.

Qanuna ayrıca “Qeyd” hissəsi əlavə olunub ki, 510.2 və 510.3-cü maddələrdə nəzərdə tutulan əməl Cinayət Məcəlləsinə görə cinayət tərkibi yaratmadıqda inzibati qaydada cəzalandırılır. Bununla, qanunverici həmin əməllərin cinayət həddini aşmadığı hallarda inzibati məsuliyyət tətbiq etməyi hədəfləyir.

Bu dəyişikliklərdən əvvəl İXM-in 510-cu maddəsi (xırda xuliqanlıq) əsasən ictimai yerdə nalayiq söyüş söymək, təhqiramiz davranış kimi hallara görə cəza nəzərdə tuturdu. Yeni 510.2 maddəsi isə həmin anlayışı onlayn mühitə də şamil edib.

Beləliklə, əvvəllər yalnız fiziki mühitdə törədilən xırda xuliqanlıq (məsələn, küçədə yüksək səslə söyüş söymək) sayılan əməllər, indi internet üzərindən geniş kütləyə yayıldıqda da cəzalandırılır. Bu maddələrin ifadə olunduğu mətn kifayət qədər ümumidir və “ictimai mənəviyyat”, “açıq hörmətsizlik”, “əxlaqsız ifadə” kimi hüquqi təyinatı dəqiq olmayan terminlərdən istifadə olunur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, qanunda “ictimai mənəviyyat” və “milli-mənəvi dəyərlərə zidd məzmun” anlayışlarının dəqiq izahı yoxdur, bu da tətbiq zamanı subyektiv yanaşmalara və seçici hüquq tətbiqinə yol aça bilər.

Yəni, hansı ifadənin “əxlaqsız” və ya “cəmiyyətə açıq hörmətsizlik” sayılacağı konkretləşdirilmədiyindən, hüquq-mühafizə orqanlarının bunu öz istəklərinə görə şərh etməsi riski mövcuddur. Bu hüquqi boşluq ictimai davranışların sərhədini qeyri-müəyyən edir və vətəndaşlar üçün hüquqi vəziyyəti öngörməyi çətinləşdirir.

Qanunun ilk tətbiq nümunələri

Yeni qanunvericilik normaları qüvvəyə minən kimi ölkədə bir neçə səs-küylü inzibati həbs qərarı ilə yadda qalıb. Bu ilin yanvar-fevral aylarında artıq bir neçə tanınmış sima bu maddələr əsasında cəzalandırılıb ki, bu da ictimaiyyətdə “söyüş qanunu” termininin aktuallaşmasına səbəb olub.

  • Reper Elşad Xosenin həbsi

Yanvarın 8-də tanınmış reper Elşad Xose (Əliyev Elşad Nazim oğlu) 15 sutka inzibati həbs cəzası alıb.

Rəsmi məlumata görə, o, Bakının Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməkdə, yəni küçədə qışqıraraq söyüş söyməkdə təqsirli bilinib. Polis Elşad Xose barəsində İXM-in 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edib, məhkəmə isə ona 15 günlük həbs cəzası verib.

Reperin apellyasiya şikayəti təmin olunmayıb və o, cəzanı tam şəkildə çəkməli olub. Elşad Xosenin tutulmasına səbəb olmuş hadisə sosial şəbəkələrdə yayılmış bir videoya əsaslanırdı; o, küçədə sərbəst şəkildə söyüş söydüyünə görə cəzalandırılıb.

Hadisədən sonra reper mətbuata açıqlamasında “həmişə söyüşün əleyhinə olduğunu” bildirib və qeyri-etik ifadələr işlətməyin doğru olmadığını vurğulayıb. Bunu qanunun yaratdığı “tənbeh effekti”nin bir göstəricisi kimi də qəbul etmək olar.

  • Bloger Velizarın həbsi

Fevralın 2-də tiktok sosial şəbəkəsində Velizar adı ilə tanınan bloger Salman Məmmədovun həbsi xəbəri yayılıb.

O, sosial şəbəkələrdə geniş müzakirə olunan canlı yayımlar açaraq istifadəçilərdən maddi dəstək toplayırdı. Vəlizar bu yayımlarda sərt ifadələr, söyüş və bəzən etikadan kənar davranışlar nümayiş etdirməkdə ittiham olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Salman Məmmədovun idarə etdiyi Velizarofficial adlı tiktok səhifəsində əxlaq normaları ilə bir araya sığmayan məlumatların yayılması faktı aşkarlanıb. Onun barəsində İXM-in internetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib olunub və məhkəmə qərarı ilə inzibati qaydada həbs edilib.

Məlumata görə, Velizarın tiktokdakı canlı yayımlarına rekord sayda – on minlərlə izləyici qoşulub və “onun qeyri-etik davranışları cəmiyyətdə narazılıq doğurub”. Rəsmi ittihamda blogerin “sosial mediada etik davranış qaydalarını pozması, ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etməsi və əxlaqsız ifadələr səsləndirməsi” əsas göstərilib.

Bu ifadələr birbaşa yeni dəyişikliyin terminologiyasını əks etdirir. Velizarın həbsi “söyüş qanunu”nun onlayn platformalarda tətbiqinə bariz nümunədir və onun tərəfdarları bu addımı ifadə azadlığının pozulması kimi tənqid ediblər.

Bundan başqa, yerli mediada xəbər verilir ki, son aylarda bir neçə tiktokçu və sosial şəbəkə istifadəçisi də oxşar səbəblərdən polis tərəfindən xəbərdarlıq alıb və ya inzibati qaydada cərimələnib.

DİN rəsmiləri bildirir ki, sosial şəbəkələrdə əxlaq normalarına zidd kontentin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər davam etdirilir. Bu da onu göstərir ki, yeni hüquqi baza tək-tək məşhur nümunələrlə məhdudlaşmır – hüquq-mühafizə orqanları ümumilikdə onlayn mühitdə davranış qaydaları adı altında nəzarəti gücləndirməyə başlayıblar.

Rəsmi mövqe: “ictimai əxlaqın qorunması üçündür”

Hökumət rəsmiləri və qanun dəyişikliyini təklif edən millət vəkilləri bu qanunu ictimai zərurət kimi təqdim edirlər. Rəsmi izahatlarda vurğulanır ki, son dövrlərdə sosial şəbəkələrdə və internet resurslarında cəmiyyətə qarşı açıq hörmətsizlik, milli-mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar geniş yayılıb.

Milli Məclisin müzakirələrində qeyd olunub ki, belə hallar gənc nəslə mənfi təsir göstərir, milli-mənəvi dəyərlərin deqradasiyasını sürətləndirir və ümumən cəmiyyətdə əxlaqi mühitə zərər vurur. Sosial şəbəkələrin iş prinsipi, yəni daha çox diqqətçəkən, şok məzmunun sürətlə yayılması bu mənfi təsiri daha da artırır.

Beləliklə, rəsmi əsaslandırmaya görə qanunun məqsədi “ictimai mənəviyyatın və etik normaların qorunması, gənclərin zərərli informasiyadan müdafiəsinin gücləndirilməsi”dir.

Qanun layihəsinin izahat memorandumunda göstərilib ki, mövcud qanunvericilik yalnız bəzi kateqoriya qadağan edilmiş məlumatlara (məsələn, pornoqrafiya, terrora çağırış və s.) görə məsuliyyət nəzərdə tuturdu. Lakin ictimai əxlaqa zidd ifadə və davranışlar bu sıraya daxil olmayıb.

Ona görə də “internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və tənzimləməni təkmilləşdirmək” naminə yeni düzəlişlərin vacib olduğu bildirilib.

Rəsmi və hökumətyönlü media qanunu cəmiyyətə təqdim edərkən, onu sosial şəbəkələrdə yolverilməz hala gələn söyüş, təhqir və açıq-saçıq davranışlara qarşı mübarizə vasitəsi kimi təqdim edir.

Məsələn, sosioloq Elçin Bayramlının medianews.az saytına verdiyi açıqlamada “internet məkanında xalqın milli-mənəvi dəyərlərinə, dövlət atributlarına və tarixi şəxsiyyətlərinə qarşı təhqirlərin geniş yayılmasını, faktiki olaraq əxlaqsızlığın təbliğ olunduğunu” vurğulayır və bildirir ki, “bu sahədə tam bir anarxiya hökm sürür, vəziyyət dözülməz həddə çatıb”.

Sosioloqun fikrincə, media orqanlarında etik kodeks olduğundan belə hallar az rast gəlinir, lakin sosial şəbəkələrdə nəzarətsizlik hökm sürdüyü üçün ciddi xəbərdarlıq və cəzalar qaçılmazdır.

E.Bayramlı və onun kimi rəy bildirən simalar hesab edirlər ki, bu cür sərt addımlar “immoral davranışın azaldılması, cəmiyyətin sağlam inkişafı və gənclərin qorunması baxımından müsbət nəticə verəcək”.

Hətta qeyd olunur ki, bir çox xarici ölkələrdə də oxşar hüquqi normalar var və “dövlətçilik prinsiplərinə, mənəvi dəyərlərə təhdid yaradan” kontent hüquqi yolla məhdudlaşdırılır.

Ümumilikdə rəsmi təqdimatda “söyüş qanunu” ictimai asayişin, əxlaqın və milli dəyərlərin keşiyində duran bir addım kimi çərçivələnir. Dövlət nümayəndələri qanunun ifadə azadlığını boğmaq üçün deyil, məhz ifadə formalarının siviləşdirilməsi üçün lazım olduğunu bildirirlər.

Onların arqumentinə görə, söyüş və təhqir azad sözə aid deyil, əksinə, cəmiyyətin mənəvi sağlamlığına zərərdir. Bu mövqedən çıxış edən rəsmi təbliğat qanunu “ictimai tərbiyə tədbiri” kimi dəyərləndirərək, geniş kütlələrə onun vacibliyini izah etməyə çalışır.

Hüquqi risklər, selektiv tətbiq və ifadə azadlığı

Yeni qanunvericilik dəyişiklikləri hökumətyönlü şərhçilər tərəfindən alqışlansa da, müstəqil hüquq müdafiəçiləri, ifadə azadlığı üzrə ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri bu addıma ehtiyatla yanaşırlar. Onlar hesab edirlər ki, qanunun məqsədi bəyan olunduğu kimi əxlaqın qorunması olsa da, mətnindəki mücərrəd ifadələr səbəbindən sui-istifadə və selektiv tətbiq üçün geniş imkanlar yaradır.

Əsas tənqid nöqtəsi qanunda istifadə olunan terminlərin qeyri-müəyyənliyidir. “İctimai mənəviyyat”, “əxlaqsız ifadə”, “cəmiyyətə açıq hörmətsizlik”, “milli-mənəvi dəyərlər” kimi anlayışların dəqiq hüquqi tərifi verilməyib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məqamı xüsusi vurğulayaraq bildirir ki, bu cür ifadələrin qanunda açıq izahı olmadığı üçün subyektiv və seçici yanaşma ehtimalı artır. Onun sözlərinə görə, ayrı-ayrı hallarda norma istənilən şəxsə qarşı tətbiq edilə bilər.

Məsələn, sosial şəbəkədə hər hansı dövlət məmurunun fəaliyyətini emosional və sərt üslubda tənqid edən şəxs haqqında yazı asanlıqla “ictimaiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilə və həmin paylaşım silinərək müəllifi məsuliyyətə cəlb edilə bilər. Bu, artıq ifadə azadlığının çərçivəsini xeyli daraldır.

Eyni riskin populyar satirik materiallara, performativ incəsənət nümunələrinə, kütləvi aksiyalardan çəkilən videolara və hətta jurnalist araşdırmalarına da şamil oluna biləcəyindən narahatlıq ifadə olunur. Belə ki, hakimiyyət orqanları tənqidi fikri gözdən salmaq istədikdə, onu “etik normaları aşan aqressiv məzmun” kimi qələmə verə bilərlər.

Hüquq müdafiəçiləri həmçinin bu qanunun seçici şəkildə icra edilə biləcəyindən ehtiyatlanırlar. Yəni qanun hər kəsə bərabər tətbiq olunmaya bilər – müəyyən şəxslər və ya qruplar hədəf seçilərək cəzalandırıla, digərlərinə göz yumula bilər.

Müstəqil media və hüquq ekspertləri qanunun dilinin asanlaşdırılması, anlayışların konkretləşdirilməsi gərəkdiyini bildirirlər. Hüquqşünasların fikrincə, əgər doğrudan da məqsəd sadəcə ictimai mühitdə etik normaları qorumaqdırsa, o halda bu normaları pozan hərəkətlərin çərçivəsi daha dəqiq və məhdud müəyyən olunmalıdır ki, sərbəst ifadəni boğmasın.

Əks halda, qanunun soyuq effekti (chilling effect) yaranaraq cəmiyyətdə özünüsenzura mühiti formalaşa bilər.

Onlayn platformalarda söyüş

Leave A Reply