Pensiya almamış ölən kişilər

Azərbaycanda 2025-ci ildə vəfat edən kişilərin demək olar yarısı 65 yaşına çatmadan dünyasını dəyişib.

Dövlət Statistika Komitəsinin yeni nəşr etdiyi “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsinə əsasən, ötən il ölkədə 32 min 694 kişi ölüb. Onların 14 min 782 nəfəri – 45,2 faizi 65 yaşdan aşağı olub.

Başqa sözlə, 2025-ci ildə vəfat edən hər 100 kişidən 45-i hazırda qüvvədə olan ümumi pensiya yaşına çatmayıb.

Qadınlarla müqayisədə fərq böyükdür

Ümumilikdə 2025-ci ildə Azərbaycanda 59 min 834 ölüm qeydə alınıb. Ölənlərin 22 min 361 nəfəri, yaxud 37,4 faizi 65 yaşına çatmayan şəxslər olub.

Bu göstəricinin 14 min 782 nəfəri kişilərin, 7 min 579 nəfəri isə qadınların payına düşür. Ötən il vəfat edən qadınların ümumi sayı 27 min 140 nəfər olduğuna görə, onların təxminən 27,9 faizi 65 yaşdan aşağı yaşlarda ölüb.

Beləliklə, pensiya yaşına çatmadan ölən kişilərin sayı qadınlarla müqayisədə təxminən iki dəfə çoxdur. Ölən kişilər arasında 65 yaşdan aşağı olanların payı da qadınların müvafiq göstəricisindən 17 faiz bəndindən çox yüksəkdir.

Kişilər ən çox hansı xəstəliklərdən ölür?

Rəsmi statistikaya görə, 2025-ci ildə kişilər arasında əsas ölüm səbəbi qan dövranı sistemi xəstəlikləri olub. Bu xəstəliklər 17 min 279 kişinin ölümünə səbəb olub və bütün kişi ölümlərinin təxminən 53 faizini təşkil edib.

Ölüm səbəbləri arasında sonrakı yerlərdə:

  • bədxassəli şişlər – 5 min 710 nəfər;
  • travmalar, zəhərlənmələr və digər xarici səbəblər – 1 961 nəfər;
  • həzm sistemi xəstəlikləri – 1 324 nəfər;
  • sinir sistemi xəstəlikləri – 1 200 nəfər;
  • tənəffüs sistemi xəstəlikləri – 895 nəfər qərarlaşıb.

Qan dövranı sistemi xəstəlikləri və xərçəng birlikdə kişi ölümlərinin 70 faizindən çoxuna səbəb olub.

Azərbaycanda kişilər üçün ümumi pensiya yaşı 2021-ci ilin iyulundan 65-dir. Qadınların pensiya yaşı isə mərhələli şəkildə artırılaraq 2026-cı il iyulun 1-dən 65-ə çatdırılıb.

Pensiya almamış ölən kişilər

Leave A Reply