24 il əvvəl Şəkidə əsl qiyam var idi. Şəhərin ortasından keçən Qurcana çayı polis maşınları ilə dolmuşdu. Rayon polis şöbəsi darmadamağın edilmiş, icra hakimiyyətinin qapıları sındırılmışdı. Şəki xalqı üsyan edirdi.

Heydər Əliyevin prezidentliyi dövründə yaşanan ən böyük xalq üsyanı kimi tarixə keçən Şəki etirazları sosial-iqtisadi səbəblər ucbatından baş vermişdi. İşsizlik və yoxsulluğun üstünə bir də ardıcıl işıq kəsintiləri, günə cəmi 1-2 saat işıq verilməsi xalqın səbrini tükətmiş, parlament seçkilərindəki saxtakarlıqlar isə narazılıqları siyasi müstəviyə qaldırmışdı.

Şahidlərin bildirdiyinə görə, Şəkidə işıq təchizatındakı kəsintilər süni şəkildə yaradılmış, etirazlardan sonra isə problem öz həllini tapmışdı. Məlumata görə, kasıb əhaliyə gün ərzində ancaq 1-2 saat işıq verilir, zəngin şəxslərin evləri isə “sənayə xətti” adı ilə daha uzun saatlar ərzində işıqla təmin edilirdi. İşıq problemi sosial-iqtisadi ziddiyyətlərin ən kəskin ifadəsinə çevrilmişdi.

Tarixçi yazar Həbibulla Manaflı bildirir ki, 2000-ci il noyabrın 18-də Şəkidə etirazçıların “Azadlıq meydanı” adı verdiyi ərazidə çoxminli mitinqlər başlamışdı. Parlament seçkilərindən cəmi 6 gün keçirdi. Təbliğat-təşviqat dövründəki mitinqlər böyümüş, etiraz hərəkatına çevrilmişdi. Mitinqlərdə səslənən fikirlər, divarlara yazılan şüarlar, avtobus dayanacaqlarına yapışdırılmış satirik şeirlər bütün şəhərə yayılmışdı. Şəki xalqı parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir, işıq kəsintilərinin bitməsinə səsləyir, icra başçısı Əşrəf Məmmədovu istefaya çağırırdı. 

Etirazların böyüməsinə cavab kimi polis mitinqlərin keçirildiyi “Azadlıq meydanı”nı mühasirəyə alaraq nümayişlərin keçirilməsinə mane olmağa çalışıb. Lakin bu hərəkət qısa zamanda əks-reaksiya verib və nəticədə etirazçılar rayon icra hakimiyyətini və polis şöbəsini mühasirəyə alıblar. Şahidlərin deməsinə görə, xüsusi öyrədilmiş bir qrup gənc polisə hücum edib. Bundan sonra isə Şəkiyə Daxili Qoşunların hissələri yeridilib. «BTR» və ağır hərbi texnikalarla etirazçılara hücum edilib. Qarşıdurmalarda 350-yə yaxın şəxs saxlanılıb. 

AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev deyir ki, saxlanılan etirazçılara xüsusi amansızlıqla işgəncələr verilib. İşgəncələr və saxlanılmalar 3 gün ərzində davam edib. Yalnız mərhum şair Bəxtiyar Vahabzadənin vasitəçiliyindən sonra repressiyalar dayandırılıb. Həmin hadisələrə görə, 27 nəfər haqqında məhkəmə hökmü çıxarılıb. Onlardan 18 nəfər həbs, 9 nəfər isə şərti cəza alıb. Həbs edilənlərdən Cövdət Qazıyev həbsxanadaca vəfat edib. Daha bir nəfər isə əfv olunduqdan 7 gün sonra həyatını itirib. Həmin hadisələrlə bağlı axtarışda olan və 2003-cü ildə həbs edilən Müsavat Partiyası Şəki təşkilatının fəalı İsmayıl Sadıxlı da elə həbsxanadan çıxdıqdan sonra vəfat edib.

Şahidlərin sözlərinə görə, bu hadisələrdən sonra Şəkidə əhalinin elektriklə təchizatı normallaşmağa doğru gedib. Digər tərəfdən, etirazları dağıtmaq üçün göndərilən Daxili Qoşunların Şəkidə daimi hərbi hissəsi açılıb. Etirazçıların istefaslını tələb etdiyi icra başçısı Əşrəf Məmmədov daha 4 il vəzifəsində qalıb.

Leave A Reply