Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə və ictimai fəal Anar Abdullaya hökm oxunub.
Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Anar Məmmədli 13, Anar Abdulla isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onlar üçün müvafiq olaraq 14 və 13 il həbs tələb etmişdi.
Məhkəmə onları qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması da daxil olmaqla bir sıra əməllərdə təqsirli bilib. Saxta sənəd hazırlama və ondan istifadə ittihamına isə xitam verilib.
Anar Məmmədli ittihamları qəbul etməyib, həbsini siyasi sifariş, məhkəmə prosesini isə “siyasi tamaşa” adlandırıb. Anar Abdulla da cinayət işinə Anar Məmmədlinin ətrafında “mütəşəkkil dəstə” görüntüsü yaratmaq üçün cəlb olunduğunu bildirib.
Anar Məmmədli 2024-cü il aprelin 29-dan həbsdədir. Anar Abdulla əvvəlcə polis nəzarətinə verilmiş, 2026-cı ilin avqustunda isə məhkəmə zalında həbs edilmişdi.
“Amnesty International” Məmmədlini “vicdan məhbusu” hesab edir və məhkəmədə ittihamları təsdiqləyən etibarlı sübutların təqdim olunmadığını bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi mövqelərinə görə təqib edilmədiyini deyir.