“Mən nikahda iki dəfə məğlubiyyətə düçar oldum və bütün həyatım boyu həmfikrimi tapa bilmədim ki, bilmədim”.
Albert Einstein
Einstein’in atasının bağışladığı kompasdan başlayaraq, nisbilik nəzəriyyəsindən keçməklə, fizika üzrə Nobel mükafatına qədərki elmi yolu çoxlarına məlumdur. Amma dahinin fizika laboratoriyalarından kənar həyatına maraq heç də bundan azına layiq deyil. Alimi E=mc2 – na kimin gətirib çıxardığı və dünyanı dəyişmiş fizikə görə kimə borclu olduğumuz barədə onun bioqrafı Walter Isaacson “Einstein: Onun həyatı və dünyası” kitabından yazır. Oxu Zalı həmin kitabdan bir parçanı təqdim edir.
Sevilməyən oğul
Kiçik Albert doğulanda anası Paulina Einstein’in : ” İlahi, necə də eybəcər bir uşaq dünyaya gətirmişəm!” – deyə çığırdığını nəql edirlər. Yeni doğulmuş körpənin iri başı, onun valideynlərini xeyli narahat etmişdi. Oğlanın həyatının ilk bir neçə həftəsindən sonra başı normal görünüş aldı, ancaq indi də Albertin bədəni doğmalarına hədsiz kök kimi göründü. Qəribə zahiri görkəminə əlavə olaraq, körpə böyük ləngliklə inkişaf edirdi, üç yaşa qədər, demək olar, danışmayıb, doqquz yaşa kimi isə ilkin hazırlıqsız cümlələri tələffüz edə bilmirdi. Oğlan hər bir ifadəni uzun müddət özü-özünə təkrarlayaraq danışa bilirdi.
Üstəlik, ilk baxışda utancaq və sakit olan Albert əsəb tutmalarından əziyyət çəkirmiş: bu zaman o, yaxınlığında dayanmış adamlara zərər yetirə bilərdi. Beləcə, bir dəfə kiçik bacısı Mayya gələcək dahinin qızışmış əl-qolunun altına düşmüşdü – ağır bir əşya düz balacanın başına doğru tolazlanmışdı. Fizik öz həyatında bu tutmaları hələ dəfələrlə yaşayacaqdı.
Valideynləri oğlanlarına münasibətdə elə də böyük məhəbbət duymurdular. Albert sadə cümlələri tələffüz edə bilməyəndə qıcıqlanır və inkişafdan qalmış sayırdılar. Oğlan sağlamlıq problemləri üzündən valideynlərinə yük olur.
Einsteinin 15 yaşı olanda ailə onu qoyub Milana köçmək qərarına gəlir. O öhdəsindən gələ bilmədiyi və dözmədiyi gimnaziyada təhsilini başa vurmaq məcburiyyətində idi. Müəllimlər yalnız şablon məsələləri həll edə bilmədiyinə görə uşağa axmaq damğası vurmuşdular. Einstein artıq yetkin yaşında bu barədə deyəcəkdi: “Biz hamımız dahiyik. Lakin əgər siz balığı ağaca dırmanmaq qabiliyyətinə əsasən mühakimə etsəniz, o bütün həyatını, özünü ağıldankəm sayaraq, yaşayacaq”.
Albert doğmaları üçün çox darıxırdı. O hətta buna görə iyrəndiyi gimnaziyanı tezliklə tərk edərək, öz başına, qatar bileti olmadan və orta təhsil şəhadətnaməsini almadan, İtaliyaya yola düşəcəkdi.
Təəssüf, ailəsi Einsteinin gəlişinə heç kəs şad deyildi. Anası Paulina və atası German gəncin gimnaziyanı lazımi sənədsiz, özbaşına tərk ertməsinə möhkəm hirslənmişdilər. Bunun günahkarının başqa ölkəyə qaçmış valideynlərin olması fikri, nəyə görəsə, onların ağlına gəlməmişdi.
Öz təyinatını tapmaq
Sürix Politexnikumuna qəbul imtahanlarında kəsilməsindən sonra “axıradək” oxumağa göndərildiyi Aarau gimnaziyasında isə sinif yoldaşlarıyla münasibətlər Einsteinə baş ağrıları yaradırdı. O tez-tez skripka çalır və hətta kontrabasçı Hans Biland’la duetdə çıxış edirdi. Sonradan dostu gimnaziya zamanlarındakı Alberti olduqca dəqiq xarakterizə edir: “O, sıx qara saçlarından arxaya sürüşən, boz fetr şlyapada, özünə inamlı halda, olduqca sürətlə, hətta deyərdim – bütün dünyanı içinə çəkmiş, narahat ruhunun ona diqtə etdiyi dəlicəsinə templə irəli-geri addımlayırdı. İri, parlaq, qara gözlərinin sürətli baxışından heç nə yayınmırdı. Ona yaxınlaşanların hamısı şəxsiyyətinin miqyasına valeh idilər”.
Bu gimnaziyada Albert Einstein xoşladığı şeylərlə məşğul olurdu, şagirdlər Ulmda olduğundan fərqli olaraq, nitq qüsuruna görə onu ələ salmırdılar, buna görə də təhsildə problemləri get-gedə aradan qalxırdı. Amma Einsteinin bütün uğurları Politexnikumda enişə doğru getdi. Yenə hədsiz müstəqillik və mübahisələrinə görə müəllimlər onu orta məktəbdəkindən də çox çıxdaş etməyə başlamışdılar. O, tələbələrin uymalı olduğu qaydalara, zorla sırınan metodlara nifrət edirdi və həmişə hər şeyi özü bildiyi kimi edirdi. Professorlar fizika kimi elmdən baş çıxara bilməyəcəyini Albertə açıqca bildirirdilər, gənc isə buna sakitcə cavab verirdi: “Yalnız absurd cəhdlər edənlər mümkünsüzə çata bilərlər”. Einstein Politexnikumu diplom və bütün professor heyətinin pis münasibətiylə başa vura bildi. O nə ailədə, nə alman gimnaziyasında, nə də burda başa düşülmədi.
Fizik və riyaziyyatçının ittifaqı
Einsteinin taleyində müsbət rol oynayanlardan biri əvvəlcə alimin kurs yoldaşı, sonra isə arvadı olmuş serb əsilli fizik Mileva Maricolmuşdur. Onların münasibəti ağlı başdan alan ehtirasın deyil, sadəcə, həyatda hər ikisinə bunca müyəssər olmayan qarşılıqlı anlaşmanın məhsulu idi.
Politexnikumda Mileva və Albert yaxşı dostlar, təhsilin ciddi sisteminin qəbul edə bilmədiyi iki qeyri-adi zəka idilər. Ümumi töhmət və qınaq içərisində onların dostluğunun artıb, nə isə, daha böyük bir şeyə çevrilməsi təəccüblü deyil.
Onlar evlənmək istəyirdilər, amma Einsteinin valideynləri buna qəti “yox” deyirdilər. Yaraşıqsız, axsaq, təhsildə problemləri olan, üstəlik 4 yaş böyük qız – bu, oğula yaxşı tay deyil. Mileva da “atla gediş” etdi. Hələ Politexnikumu bitirməyə macal tapmamış onunla Albertin qızı, Lizerl dünyaya gəldi. Milevanın fikrincə, nəvənin doğulması Paulina Einsteinin ürəyini yumşaltmalı və oğlunun nikahına razılığa meylləndirməli idi. Ancaq Paulina qapını onların üzlərinə möhkəm çırpdı və nəvəsinə baxmaqdan imtina etdi. Elə bil, nənənin istəyilə körpə heç iki il də yaşamadı, Einstein isə növbəti dəfə xoşbəxtlikdən məhrum oldu.
Mileva Maric fizikin elmi nailiyyətlərinə görə bir çox şeydə borclu olduğu adam idi. Atası German Einstein, gec də olsa, ölüm yatağında oğluna nikah xeyir-duası verdi və qanuni ər-arvad özlərini, biryolluq həm bir-birinə, həm də elmə həsr etdilər. Yalnız Albertin sevgilisinə olan zərif hissləri tezcə işgüzar duyğularla əvəzləndi. Hələ toydan bir az əvvəl o, nişanlısına birgə yaşayış şərtləri olan özünəməxsus müqavilə təklif etmişdi: “Əgər evlilik istəyirsənsə, şərtlərimə razılaşmalısan, budur onlar: birincisi, paltarımın və yatağımın qayğısına qalacaqsan; ikincisi, gündə üç dəfə kabinetimə yemək gətirəcəksən; üçüncüsü, cəmiyyətdə nəzakətin gözlənilməsi üçün zəruri olanlar istisna olunmaqla, mənimlə bütün şəxsi təmaslardan imtina edəcəksən; dördüncüsü, səndən xahiş edəndə həmişə yataq otağımı və kabinetimi tərk edəcəksən; beşincisi, heç bir etiraz olmadan, mənim üçün elmi hesablamaları yerinə yetirəcəksən; altıncısı, məndən heç bir hissiyyat təzahürü gözləməyəcəksən”.
Mileva hər şeyə razılaşdı
Maric ərinin, demək olar, bütün işlərinə əl qoyurdu. Alim öz yaxınlarına vicdanla belə deyirdi: “İşin riyazi hissəsini mənim əvəzimə arvadım görür”. Onlar iki çox ağıllı insanın: fizikin və riyaziyyatçının məhsuldar ittifaqını yaratmışdılar. Əgər Albertin qəlbi daha çoxunu tələb etməsəydi, Einsteinlər, Kürilərə bənzər, tarixdə daha bir cütlük kimi qala bilərdilər. Fizikin daimi səfərləri anlaşılmazlıq və münaqişələr yaradırdı, təskinliyi isə Einstein başqa qadınlarda arayırdı.
Bununla belə, Mileva Maricin şəxsiyyəti Einsteinin həyat yolunda önəmli hissə kimi qalır. Əgər onlar qarşılaşmasaydılar, Albertin nəzəriyyələrinin lazımınca həyata keçməyəcəyi, insanların isə dünya barədəki təsəvvürünün əvvəlki kimi qalacağı də mümkün idi. Mileva alimin əvəzinə onun özünün edə bilməyəcəyi işi görürdü, qarşılığında isə xəyanət, boşanma və ərinin nifrətini, doğrudur, üstəlik, həm də onun Nobel mükafatını qazandı.
Qanı qanından olan arvadı
Əvəzində Einsteinin ikinci həyat yoldaşı onun izzəti-nəfsinə toxunmurdu. Dahinin əmisi qızı, sonra isə arvadı Elsa Löwenthal fizikadan qətiyyən baş çıxarmırdı. Qadın yalnız sevimli ərinə qulluq edirdi, hətta özü evdə olanda da onun evə məşuqələrini gətirməsinə imkan verirdi və heç nədən imtina etmirdi. Əvvəlcə Elsaya ondan da artıq vurulan Albert üçün arvadı ruhsuz əşya kimi bir şey, əzablı tənhalıqdan qurtulma vasitəsi oldu.
Elsa Löwenthal Einsteinin elmi irsini heç nə ilə artırmadı, amma ona ailə ocağı hərarəti bağışladı. Alim arvadının yanında əla fikirləşir və özünü gözəl hiss edir, onun evə gətirməyə imkan verdiyi qadınlarla isə özünü ikiqat yaxşı hiss etdirirdi. Sadiq arvadı şikayətlənmir, pul verir və burnunu işə soxmurdu, Einstein daha nə istəyə bilərdi ki?
Casus qadın
Fizikin sonuncu və ən müəmmalı əlaqəsi məşhur heykəltaraşın arvadı və sovet kəşfiyyatçısı Margarita Konenkova ilə olub. Einstein büst üçün poza verməkdən ötrü həmin ərəfədə onun kimi ABŞ-da yaşayan Konenkovların evinə gedirdi və onlar, necə deyərlər heykəltaraşın arvadını yoldan çıxartmışdı.
Nobel laureatı qoca yaşında dəlicəsinə vurulmuşdu. Onda cazibədar Marqaritanın 45, aşiq Einsteinin isə bundan 21 il artıq yaşları vardı. Ancaq bu onları narahat etmirdi.
Sevgililər öz xüsusi, ”məxfi” yerlərində görüşürdülər və hətta şifrəli yazışma apardıqları xüsusi sözlər uydururdular. Einstein ilk dəfə bunca xoşbəxt idi. Lakin Stalin yoldaşla birlikdə vətən borcu Margarita Konenkovanı evə çağırırdı. Yeri gəlmişkən, məhz amerikalıların ilk atom bombası sınağından sonra məşhur fizikin həyatında son böyük və parlaq məhəbbəti okeanın o tayına üzüb getdi.
Final
Albert Einstein ona ayrılmış bütün 76 illik ömürdə tənhalıqdan istənilən yollarla qaçmağa çalışmış və bu yollar onu daha çox qadınlara doğru yönəltmişdir. Tiran ana Paulina, birinci arvadı Mileva, Elsa Löwenthal, sovet casusu Konenkova və uzun-uzadı eşq macəraları sırası – böyük fizik onların heç biri tərəfindən sonunadək anlaşılmamışdır.
Qadınlar onun həyatını yaradır, onu şəxsiyyət kimi formalaşdırır, dahiyanə işlər yaratmağa birbaşa, yaxud dolayısı ilə kömək edir və əvəzində yalnızca ürəyini xahiş edirdilər.
Lakin onun qəlbi artıq elmə məxsus idi…