Rusiya-Ukrayna müharibəsi
ABŞ Rusiya qazının Ukrayna üzərindən amerikalı vasitəçi vasitəsilə yenidən Avropaya satılmasını təklif edib. Bunu “The Wall Street Journal” ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadla yazır.
Qəzetin mənbələrinə görə, ideyanı Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Vitkoff sentyabrda Moskva və Kiyevə səfərləri zamanı səsləndiriblər. Qəzet yazır ki, Rusiya gəliri üçüncü ölkədəki əmanət hesabına köçürməli olacaq ki, Kreml bu pulu müharibəyə xərcləyə bilməsin. Ukrayna tranzit haqqı alacaq, amerikalı investorlar da qazanc əldə edəcək.
Vaşinqtonun məqsədi Putini enerji obyektlərinə zərbələrin dayandırılmasına razı salmaqdır. Qəzetin yazdığına görə, ABŞ, Rusiya və Ukrayna arasında noyabrda Əbu-Dabidə üçtərəfli danışıqlar planlaşdırılır. ABŞ “Şimal axını” kəmərlərinin bərpası imkanına da baxır.
Avropa İttifaqının rəsmi mövqeyi Rusiya qazına qayıtmamaqdır. Qəzetin mənbələri deyir ki, Avropa rəsmiləri qapalı söhbətlərdə də təklifi qəti rədd edir. Böyük Avropa ölkəsinin rəsmilərindən biri bunu Britaniyanın keçmiş baş naziri Çemberlenin Hitlerlə sazişlər naminə Çexoslovakiyanı qurban verməsi ilə müqayisə edib. Amerikalı rəsmi isə avropalıların qazın ucuzlaşmasına maraq göstərdiyini iddia edir.
Xəbər Avropada qaz ehtiyatlarının ilin bu vaxtı üçün son illərin ən aşağı səviyyəsində olduğu vaxta düşür. Rusiya qazının geri dönməsi Cənub Qaz Dəhlizi ilə Avropaya qaz satan Azərbaycan üçün də əhəmiyyətli ola bilər.


