Qurultay işində İmamoğluna hökm

Ankara 26-cı Asliyyə Cinayət Məhkəməsi CHP qurultayı işində hökm çıxarıb: Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında saxtakarlıq iddiası ilə İstanbulun keçmiş meri Ekrem İmamoğlu daxil doqquz nəfəri təqsirli bilib. BBC-nin Türkiyə xidmətinin yazdığına görə, məhkəmə onların hər birinə “Seçki qanununa müxalifət” maddəsi ilə 2 il 1 ay həbs cəzası verib və Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən siyasi qadağa tətbiq edib.

Ankara Baş Prokurorluğunun ittihamnaməsində 2023-cü il noyabrın 4-5-də keçirilən qurultayda nümayəndələrə maddi fayda verildiyi və səsverməyə saxtakarlıq qarışdırıldığı iddia olunurdu. İşdə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu “zərərçəkən”, Hatayın keçmiş meri Lütfü Savaş isə “şikayətçi” qismində iştirak edib.

Həmin qurultayda Özgür Özel ikinci turda Kılıçdaroğlunu 812-yə qarşı 536 səslə məğlub edərək CHP-nin sədri seçilmişdi. Ankara Apellyasiya Məhkəməsi bu ilin mayın 21-də qurultayı “mütləq etibarsız” sayaraq ləğv etmişdi, cinayət işi isə ayrıca davam etdirilirdi.

İmamoğlu ötən il casusluq ittihamı ilə də məhkəmə qarşısına çıxarılmışdı və ona qarşı ittihamları siyasi motivli sayır. Hökm Türkiyədə müxalifətə və müxalif mediaya qarşı təzyiqlərin artdığı vaxta düşür: bu həftə müxalif “Sözcü TV”yə də qəyyum təyin edilib.

Leave A Reply