Azərbaycanda müxalif partiyaların keçirdiyi sonuncu kütləvi mitinq hesab olunan Qələbə meydanındakı mitinqdən 19 il keçir. On minlərlə vətəndaşın iştirak etdiyi mitinqin zorakılıqla dağıdılması bəlkə də İlham Əliyev hökumətinin 2003-cü il oktyabr hadisələrindən sonra atdığı ən sərt addım idi. Mitinqi dağıtmaq istəyən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə etirazçılar arasındakı qarşıdurmalar nəticəsində 500-dən çox insan yaralanıb.
Nə baş vermişdi?
2005-ci il noyabrın 6-da Azərbaycanda parlament seçkiləri keçirilirdi. cSeçki günündə 125 seçki dairəsində səsvermə keçirilib. Yəqin ki, bu seçkilər Azərbaycanda parlament seçkiləri tarixinin ən qalmaqallı seçkisidir. Seçki prosesinin az qala bütün müstəvilərində müxtəlif növ yeniliklər və problemlər yaşanıb.
Maraqlıdır ki, əvvəlcə seçkilərdə 2063 nəfərin namizədliyi qeydə alınıb, lakin daha sonra 500-dən çox insan öz namizədliyini geri götürüb və nəticədə 1541 nəfər seçkilərdə namizəd olaraq yarışıb.
İlk dəfə məhz 2005-ci ildə parlament seçkisi yalnız majoritar seçki sistemi üzrə baş tutub. 2000-ci ildə keçirilən parlament seçkilərində 25 mandat üzrə tətbiq olunan proporsional seçki sistemi bu ildən etibarən ləğv edilərək, tarixə çevrilib.
2005-ci il parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, müxalifətin “Azadlıq” bloku 125 yerdən cəmi 6 mandat (4.8%) qazana bilib. Hakim Yeni Azərbaycan Partiyası 58 mandat (46.4%), bitərəf namizədlər isə ümumilikdə 40 mandat (32%) qazanıblar. Qalmaqallı seçki əsasən səsvermə sonrası baş verən proseslərlə yadda qalıb.
2005-ci il seçkilərində seçki məcəlləsinin tələblərinə cavab vermədiyinə görə, 6 dairə seçki komissiyasının protokolları təsdiq edilməyib. Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb. Yekun nəticələrə əsasən, 125 seçki dairəsindən 115-də deputatlar seçilib, geri qalan 10 seçki dairəsi üzrə təkrar seçkilər 14 iyun 2006-cı ildə keçirilib.
Noyabrın 6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilmiş Lalə Şövkət 17 yanvar 2006-cı ildə mətbuat konfransı keçirərək, total saxtakarlıq səbəbiylə seçki nəticələrini tanımadığını və mandatından imtina etdiyini elan edib. Lalə Şövkətin mandatı Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006-cı il tarixli 2/3 saylı Qərarı ilə ləğv edilib.
Seçkidən sonra Azadlıq Blokuna üzv olan siyasi partiyalar mitinq keçirib, partiyaların sədrləri Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət və Sərdar Cəlaloğlu mitinqdə çıxış edib. Əli Kərimli çıxışında mitinq iştirakçılarına çağırış edərək, oturaq aksiyalara keçməyə hazır olduqları təqdirdə partiya sədrlərinin də onlara qoşulacağını bildirib. Bundan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qələbə meydanında əyləşib, oturaq aksiyalara başlamağı qərara alan mitinq iştirakçıların hücum edib Qarşıdurmalarda 500-dən çox insan yaralanıb.
AXCP Rəyasət heyətinin üzvü İradə Əliyeva 26 noyabr 2005-ci il mitinqinin iştirakçısı olub. O deyir ki, mitinqə gələnlər Ukraynadakı Narıncı inqilabdan ilhamlanaraq narıncı paltarda, narıncı köynəklər, şarflar, papaqlar, əlcəklər geyinmişdilər. Mitinqdə bayram abu-havası var idi. Buna görə də heç kim bu qədər sərt müdaxilə olacağını gözləmirdi.
Seçkilərin nəticələrinə etiraz olaraq keçirilən mitinqlər 9 noyabr, 13 noyabr və 23 noyabr tarixlərində də davam edib. Bu tarixdən sonra Azərbaycanda başqa müstəvilərdə kütləvi etirazlar olsa da, bu mitinq müxalif siyasi partiyaların tarixində birlikdə keçirdikləri sonuncu kütləvi mitinq oldu.