4 iyun müasir Azərbaycan tarixinə yön verən gündür.

1993-cü ilin 4 iyunu müasir Azərbaycanın inşasında bəlkə də ən əhəmiyyətli hadisə idi.

Bu gün Surət Hüseynovun rəhbərliyi ilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam başlamış, nəticədə Azərbaycanda Xalq Cəbhəsi hakimiyyəti devrilmiş və Əliyevlərin artıq 30 ildir davam edən hakimiyyətinin bünövrəsi qoyulmuşdu.

   Foto: H.Əliyev və Surət Hüseynov paytaxt Bakı şəhərində

 

Gəncə qiyamı necə baş verir?

1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğvi edilməsi haqqında sərəncam imzalayır.

Lakin bu sərəncam icra edilməyib və kağız üzərində qalır.

Daha sonra prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncam imzalayır.

Bu sərəncam da icra edilmir.

Sərəncamın icrası üçün Gəncəyə gedən hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürülürlər.

Bundan sonra AXC hökuməti 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı qərar qəbul edir.

Bu hərbi hissəni tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə silahlı toqquşma baş verir. Nəticədə 35 nəfər həlak olur.

709 saylı hərbi hissənin hərbçiləri MTN-in Gəncə şöbəsinə hücum edərək binadakı silah-sursatın təhvilini tələb edirlər. 709 saylı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis sədrinin, prezidentin istefasını tələb edir.

Surət Hüseynov tabeliyindəki qoşunlar Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirir və Bakıya doğru istiqamət götürür.

Gəncə qiyamı niyə baş verir?

1992-93-cü illər ərzində korpus komandiri olmuş Surət Huseynov və AXC hökuməti arasında yaranan ziddiyyət 4 iyun qiyamına aparan əsas səbəb kimi önə çıxır.

   Foto: H.Əliyev və S.Hüseynov birgə açıqlama verərkən

 

Surət Hüseynov üzərində nəzarəti itirən iqtidar onun neytrallaşdırılması üçün müxtəlif addımlar atsa da, heç cür müsbət nəticə ala bilmir.

Surət Hüseynov mülahizələrində bildirir ki, hakimiyyət ölkəni idarə edə bilmir, korrupsiyaya bulaşıb, buna görə də iqtidardan getməlidir.

Əbülfəz Elçibəy isə deyir ki, Gəncə qiyamı Rusiyanın sifarişi və dəstəyi ilə baş verib. Elçibəy bu hadisələrdə SSRİ Daxili İşlər naziri Viktor Barannikov və SSRİ Xarici Kəşfiyyat Xidmətinin direktoru Yevgeny Primakovun rolunu xüsusi qeyd edir.

Gəncə qiyamı sonrası Azərbaycan

Təlatümlü dövrün növbəti fəlakəti kimi görünən Gəncə qiyamı özündən sonrakı tarixin gedişatını təyin edən ən əhəmiyyətli hadisə olur.

Gəncə qiyamından sonra Əbülfəz Elçibəy rəhbərliyindəki AXC hökuməti dağılır. Elçibəy daha sonra deyəcəkdi ki, bu addımı vətəndaş müharibəsinə rəvac verməmək üçün atıb.

    Foto: 11 gün sonra Əliyev Ali Sovetin sədri seçilib, Elçibəy isə Bakını tərk edib.

İyul ayında Bakını tərk edən prezident Elçibəy doğulduğu Kələki kəndinə köçür. Onun istəyi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıdır.

   Foto: Heydər Əliyev və Elçibəy birlikdə

 

H.Əliyev 1987-ci ildə Qorbaçov tərəfindən istefaya göndərilmiş və 1991-ci ilə qədər siyasid proseslərdən kənarda qalmışdı. O, 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini tutmuşdu.

1993-cü ildə yenidən ölkə rəhbəri olan Heydər Əliyev 2 müddətə prezident olur və 10 il iqtidarda qalır. Ekspertlərin fikrincə, onun iqtidarı dövründə Azərbaycanda avtoritarizmin təməlləri atılır.

   Foto: H. Əliyev təyyarədən enərkən

 

Qərblə yaxınlaşma və Avropa Şurası ilə münasibətlər çərçivəsində müəyyən islahatlar aparılsa da, onun prezidentliyi əsasən azadlıqların boğulması və siyasi həbslərlə müşaiyət olunur.

Qiyamın əsas fiquru olan Surət Hüseynov növbəti bir il ərzində baş nazir olur. Onun barəsində 1994-cü ildə Rövşən Cavadovla birlikdə dövlət çevrilişinə silahlı cəhd ittihamı ilə həbs qərarı çıxarılır.

1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilir və ömürlük həbs cəzasına məhkum edilir. O, 2004-cü ildə prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Müasir Azərbaycan tarixinə yön verən bu prosesin 3 əsas fiquru da bu gün artıq həyatda yoxdur.

2000-ci ildə Əbülfəz Elçibəy, 2003-cü ildə Heydər Əliyev, 2023-cü ildə isə Surət Hüseynov vəfat edib.

Leave A Reply