Azərbaycanda 5 oktyabr Müəllimlər Günü kimi qeyd olunur. Bu gün uşaqlar məktəbə gül dəstələri aparır, müəllimlərini təbrik edirlər. Bu gözəl görüntülərin arxasında isə adətən xoş olmayan mənzərə dayanır. Bir neçə gün əvvəldən pul yığılır, kimsə canfəşanlıq edir, hamıya bir-bir yazır, zəng edir, sinif rəhbərinə gül dəstəsindən əlavə nəsə etməli olduqlarını xatırladır. 

Bu məsələ o qədər yayğın problemə çevrilib ki, şagirdlərin müəllimlərə hədiyyə almasını qadağan etmək məcburiyyəti yaranıb və belə hallarla mübarizə üçün qanun qəbul edilib. Lakin qadağalar nə rüşvət problemini həll edə bilir, nə də təhsil problemini. İndilərdə gül dəstələri və hədiyyələr gizli şəkildə verilir, bəzi yerlərdə isə müəllimlər üçün hər şagirddən pul yığılıb, əl altından təqdim edilir.

Azərbaycan təhsilində rüşvətin kökü iqtisadi problemlərə uzanır. Müəllimlərin qəpik-quruş maaşları onları məcbur edir ki, daha yüksək gəlir əldə etmək üçün müxtəlif variantlara əl atsınlar. 90-cı illərdə yaranan və vaxt ötdükcə möhkəmlənib, legitimlik qazanan fərdi hazırlıq kursları bunun ən bariz nümunəsidir.

Azərbaycanda orta məktəb təhsili məhz bu formada özəlləşdirilib. Başqa ölkələrdə olduğu kimi bu proses özəl məktəblər yoluyla baş verməyib. Özəl məktəblər də var əlbəttə, yox deyil, lakin məktəbdən əlavə hazırlığa gedən şagirdlərin böyük əksəriyyəti (məktəbdən əlavə hazırlığa isə demək olar ki, hər kəs gedir) fərdi hazırlıq imkanından istifadə edirlər. Bunun da müxtəlif səbəbləri var – hər şagird bütün dərslərdən hazırlığa getmir; hər müəllim hamıya eyni qiymətə dərs demir, danışıb qiymətdə razılaşmaq imkanı olur; hər ailənin əlində o qədə pul olmur ki, hazırlıq kurslarına verə bilsinlər və s.

Azərbaycanda dövlətin təklif etdiyi orta məktəb təhsili buna alternativ təşkil edə biləcək özəl məktəblər tərəfindən yox, pərakəndə məşğələlər formasında özəlləşdirilib. Bunun səbəbi isə yuxarıda vurğulanıb – dövlət məktəblərində işləyən müəllimlərin aldığı qəpik-quruş maaş. Bazar iqtisadiyyatına keçid dövründə müəllimlər həyatda qalmaq, öz ehtiyaclarını qarşılaya bilmək üçün bu yola üz tutmuşdular. Buna səbəb olan fərdi ehtiyaclar olsa da, nəticələrinin ictimai tərəfi daha dərindir. Belə ki, fərdi məşğələlər vasitəsilə məktəbdə aldığı maaşdan dəfələrlə artıq qazanan müəllimlərin məktəbdə keyfiyyətli dərs keçmək marağı azalır, bu isə dövlət məktəblərin verilən təhsilin ümumi keyfiyyətini aşağı salır.

Nəticə etibarilə, pulsuz təhsilin keyfiyyətinin artmaması bir yana, vaxt ötdükcə daha da azalır, pulsuz təhsil alıb, ali təhsilə iddia etmək isə mümkünsüz hala gəlir. Yeni Təhsil nazirinin tətbiq etdiyi təhsil siyasəti isə vəziyyəti daha da acınacaqlı hala salmaq yoluna irəliləyir. Nazir deyir ki, təhsildə xərclərin optimallaşdırılması üçün mövcud 4500-ə yaxın məktəbdən 1500-ü bağlanmalıdır. Bu o deməkdir ki, hazırda fəaliyyət göstərən hər 3 məktəbdən 1-i bağlanacaq.

Görəsən, məktəblərin sayının azalması təhsili necə xilas edə bilər? Axı onsuz da bir çox bölgədə insanlar məktəblərin azlığından, yoxluğundan şikayətçidirlər. Məktəb sayını daha da azaltmaqla, hansı uğur əldə edilə bilər ki?

Bu məsələlərin müzakirə olunduğu bir vaxtda Sizi Qazbabalı kəndi ilə tanış edək. Təxminən 100-ə yaxın evin olduğu Qazbabalı kəndi Şabran rayonunun ucqar dağ kəndidir. Jurnalist Coşqun Eldaroğlu 2021-ci ildən etibarən bu kəndinin uşaqlarına könüllü olaraq fərdi dərslər keçir. Bu məqsədlə o, hər iki həftədən bir Bakıdan Şabran rayonuna 130 km məsafə qət edir. 

Qazbabalı kəndində təhsil müəssisəsi olaraq sadəcə ibtidai məktəb fəaliyyət göstərir. İbtidai təhsili başa vuran şagirdlər təhsillərini davam etdirmək üçün qonşu Əmirxanlı kəndinə getməli olurlar. Lakin yoxsulluq, məsafənin uzaqlığı və infrastrukturun olmaması səbəbindən əksər valideynlər övladlarının təhsilinə dəstək ola bilmirlər. 

Jurnalist Coşqun Eldaroğlunun təklif etdiyi könüllü və pulsuz fərdi məşğələlər kənddəki yeganə orta təhsil imkanıdır. Qazbabalı kəndi Azərbaycanda məktəbsiz qalan sonuncu kənd deyil. Təhsil nazirinin yeni təklifləri isə göstərir ki, bu kəndlərin sayı daha da artacaq. Qazbabalı kəndi öz təhsil probleminə jurnalist Coşqun Eldaroğlu ilə birlikdə özünəməxsus həll yolu tapsa da, Qazbabalılar çox, Coşqunlar isə azdır.

Leave A Reply