Bu gün Türkmənistan paytaxtı Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə görüşü olub.

Azərbaycan və Türkiyə prezidentləri Türkmənistan paytaxtında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının işində iştirak edirlər.

Bu görüşdən əvvəl Azərbaycan və Türkiyə prezidentləri İƏT sammitində iştirak edən İran prezidenti ilə də ayrıca görüşlər keçiriblər.

Aşqabadda Azərbaycan və İran prezidentləri arasında görüş keçirilib

ŞƏKLİN MƏNBƏYİ, AZERTAG

Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev və Seyid İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının işində iştirak edirlər.

İlham Əliyev: “Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir”

ŞƏKLİN MƏNBƏYİ, AZERTAG

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin “reallığa çevrildiyini” bildirib.

İlham Əliyev bu sözləri 26 noyabr tarixli Rusiya və Ermənistan liderlərinin iştirakı ilə Soçi şəhərində Vladimir Putinin təşəbbüsü ilə baş tutmuş üçtərəfli görüşdən iki gün sonra, bu gün Türkmənistan paytaxtı Aşqabadda keçirilən İƏT sammitində çıxışı zamanı bəyan edib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”, – Azərbaycan Prezidenti deyib.

İki güb əvvəl Rusiya Prezidentinin təşəbbüsü ilə noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüş zamanı Prezident İlham Əliyev bildirmişdi ki, ötən il ərzində “Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib.”

“Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib”, – İlham Əliyev üçtərəfli Soçi görüşü gedişində deyib.

Bu gün Aşqabadda İlham Əliyev “Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası” elan etdiyini İƏT sammiti iştirakçılarının diqqətinə çatdırıb.

“Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”, Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, həmin ərazilərdə başlanmış yenidənqurma işlərinin “artıq ilkin nəticələri var.”

“Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır”, – Əliyev qeyd edib.

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

ŞƏKLİN MƏNBƏYİ, AZERTAG

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti işinə başlayıb.

İƏT təşkilatına hazırda 10 ölkə daxildir: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstan.

Prezident İlham Əliyev İƏT sammitində iştirak etmək üçün bu gün Türkmənistan paytaxtına gəlib.

Aşqabad sammitində İran, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan prezidentləri də iştirak edirlər.

İran mediasının daha əvvəl yazdığına görə, İƏT sammiti çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü də istisna olunmur.

Mənbə: BBC Azərbaycan xidməti

Leave A Reply