Kəmaləddinin bağı
Buznovnalılar şikayət edir ki, kəndin əsas yolları su altında qalıb, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları isə ancaq nazir Kəmaləddin Heydərovun bağına dolan suyu qurudur.
Bakı ətrafı Buzovna qəsəbəsində güclü yağışlar nəticəsində yaranan sel və daşqın sakinlərin həyatını çətinləşdirib. Kəndin əsas yolları su altında qalıb, avtomobillər palçıq və suda batıb, bəzi evlərə və həyətlərə su dolub. Sakinlər uzun illərdir hər güclü yağış zamanı eyni problemlə üzləşdiklərini bildirirlər.
Narazı buzovnalılar sosial şəbəkələrdə yayılan görüntülərlə diqqət çəkiblər: Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və işçiləri nazir Kəmaləddin Heydərovun şəxsi bağ evinə dolan suyu çıxarmaqla məşğuldur. Eyni zamanda kəndin əsas yollarında və digər yaşayış ərazilərində su basması davam edir, sakinlər öz imkanları ilə problemlə mübarizə aparmağa çalışırlar.
Hadisə yerindən çəkilən videolarda FHN işçilərinin Heydərovun bağ evi ətrafında pompa və texnika ilə su çəkdiyi, yolların isə hələ də su altında qaldığı görünür. Bəzi sakinlər bildiriblər ki, avtomobillər hərəkət edə bilmir, uşaqlar məktəbə getməkdə çətinlik çəkir, evlərə su dolması riski qalır.
FHN-in rəsmi saytında Buzovna ilə bağlı xüsusi məlumat yerləşdirilməyib. Nazir Kəmaləddin Heydərovun özü isə son günlərdə Bakının digər ərazilərində (məsələn, Keşlədə) su basmış zonalara baş çəkib və tapşırıqlar verib.
Sakinlər infrastruktur problemlərinin (drenaj sistemlərinin, kanalizasiyanın və suötürücü qurğuların) illərdir həll olunmadığını vurğulayırlar. Onlar problemin yalnız nazirin şəxsi əmlakı üçün deyil, bütün kənd üçün operativ həll olunmasını tələb edirlər.
Kəmaləddinin bağı