Türkiyə-ABŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 7-də ABŞ prezidenti Donald Trampla telefonla danışıb. “Anadolu” agentliyinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla yazdığına görə, liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan iki ölkə arasında əməkdaşlığın artmağa davam edəcəyinə əmin olduğunu bildirib.

Ərdoğan İranla ABŞ arasındakı gərginliyin bitməli olduğunu, qalan məsələlərin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. TRT-nin yazdığına görə, o, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün diplomatik işin canlanmasının müsbət nəticə verəcəyinə ümid etdiyini deyib, Türkiyənin bu işə töhfə verməyə davam edəcəyini bildirib və həm Kiyev, həm də Moskva ilə təmasların artırılmasının vacibliyini qeyd edib. Ərdoğan həmçinin Türk Dövlətləri Təşkilatının sammitinə verdiyi dəstəyə görə Trampa təşəkkür edib.

Zəng ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana silah və sanksiyalı mal daşınmasının qarşısını quru sərhədlərdə və Xəzər dənizində almaq üçün “Dəmir Qapı” işçi qrupu yaratdığını açıqladığı gün olub. Türkiyə İranla quru sərhədi olan ölkələrdəndir. Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.

Leave A Reply