ABŞ-İran

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai noyabrın 7-də X sosial şəbəkəsində ABŞ-ni müharibəni uduzmaqda ittiham edib və yeni hücum olarsa, “sarsıdıcı cavab” veriləcəyi ilə hədələyib: “Siz müharibəni də, seçkini də uduzdunuz. Vens məğlubiyyəti etiraf edib, Rubio getməyə hazırlaşır, Heqset işdən çıxarılmaq üzrədir, CENTCOM komandanı isə indi podkast aparır! Bəs Vaşinqtonda bu mesajı tam olaraq kimə çatdırmalıyıq? Müharibəyə başlasanız, sarsıdıcı cavabla üzləşəcəksiniz”.

“Kurdistan24” nəşri yazır ki, bu iddiaların bəzilərinin ABŞ mediasının xəbərlərində əsası var, amma Rzainin dediyi şəkildə yox. CBS-in yazdığına görə, vitse-prezident Cey Di Vens çərşənbə günü respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətini İran müharibəsi ilə izah edib, “The Wall Street Journal”a görə, Tramp da müharibənin məğlubiyyətin səbəblərindən biri olduğunu deyib. CBS həmçinin Trampın müşavirlərindən müdafiə naziri Pit Heqseti işdən çıxarıb-çıxarmamağı soruşduğunu yazıb, Tramp isə Heqsetin “çox yaxşı iş gördüyünü” deyib. Dövlət katibi Marko Rubionun hökumətdən gedəcəyi barədə xəbəri Rubio təsdiqləməyib. CENTCOM bu həftə komandanı admiral Bred Kuperin ilk qonaq olduğu “Inside CENTCOM” podkastını başladıb.

Rzai avqustda Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. CBS-in yazdığına görə, Vens oktyabrın sonunda atəşkəs və danışıqların şərtləri barədə Rzaiyə məktub göndərib, Vaşinqton və Tehran Qətər vasitəsilə mesaj mübadiləsini davam etdirir. Tramp çox insan öldürmək istəmədiyini desə də, İrana yeni zərbələr endirməyi istisna etməyib. Eyni gün Keşikçilər Korpusu İranın ballistik raketlərin uçuş məsafəsini təxminən 2 min kilometrlə məhdudlaşdırmaq öhdəliyinin artıq qüvvədə olmadığını açıqlayıb.

Leave A Reply