Peter Madyar kimdir?
Macarıstanda 16 ildir hakimiyyətdə olan Viktor Orbanın qarşısına bu dəfə sistemin içindən bir fiqur çıxıb.
Vaxtilə “Fidesz” partiyasının üzvü olmuş Peter Madyar qısa müddət ərzində ölkənin ən güclü müxalif simalarından birinə çevrilib və Orbanı devirib.
Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, müxalifətdəki “Tisza” partiyası 199 yerdən 138-ni əldə edib.
Bəs Peter Madyar kimdir və o, necə bu qədər sürətlə yüksələ bilib?
O, 16 mart 1981-ci ildə Budapeşt şəhərində dünyaya gəlib.
Katolik oğlan liseyində təhsil alan Peter Madyar ali təhsilini Budapeştdə və Erasmus proqramı çərçivəsində “Humboldt University of Berlin”də davam etdirib və 2004-cü ildə “Pázmány Péter Catholic University”nin Hüquq fakültəsindən məzun olub.
Varlı və mühafizəkar ailə mühitində böyüyən Madyarın ailəsində tanınmış hakimlərvə hüquqşünaslar da yer alır. Keçmiş prezident Ferenc Madl da onunailəsinə yaxın şəxslərdən biri olub.
Gənc yaşlarından siyasətə maraq göstərən Madyar universitet illərində “Fidesz” partiyasına qoşularaq aktiv siyasi fəaliyyətə başlayıb.
Madyar siyasətə necə qoşuldu?
Madyarın siyasətlə ilk təması Viktor Orbanın hələ müxalifət lideri olduğu dövrdə təşkil edilən korrupsiyaya qarşı etiraz aksiyalarına qatılması ilə başlayıb.
O, bu prosesdə etirazçılar üçün yaradılan “Qorxmayın” adlı hüquqi müdafiə qrupunun qurucularından biri olub. İllər sonra eyni şüardan istifadə edərək Orbana qarşı siyasi mübarizəyə başlaması, onun hekayəsinə güclü simvolik məna qazandırıb.
Başlanğıcda Peter Madyar “Fidesz” partiyasının ideoloji xəttinə yaxın mövqe tutub, mühafizəkar dəyərlərlə uyğun bir profil sərgiləyib və partiyanın təbii kadrlarından biri kimi qəbul olunub.
“Fidesz”dən niyə ayrıldı?
2006-cı ildə partiyanın önəmli şəxslərindən biri olan Judit Varga ilə evlənən Peter Madyar partiya daxilində mövqeyini daha da möhkəmləndirib. Üç uşaqları olan cütlük uzun müddət Brüsseldə yaşayıb.
Varga Avropa Parlamenti ilə bağlı işlərdə çalışarkən, Madyar isə Orban hökumətinin Avropa Parlamenti ilə əlaqələrini idarə edən komandada yer alıb. Lakin zamanla onun sistemlə münasibəti dəyişməyə başlayıb.
Madyar hesab edirdi ki, “Fidesz” əvvəlki dəyərlərindən uzaqlaşıb. 2024-cü ildə uşaq istismarı qalmaqalı ilə bağlı verilən əfv qərarı ölkədə ciddi narazılıq yaradıb. Bu hadisədən sonra prezident Katalin Novák və ədliyyə naziri Judit Varga (həyat yoldaşı) istefa verib.
Hadisələr Madyarın şəxsi həyatına da təsir göstərib və o, “Fidesz”dən ayrılaraq partiyanı korrupsiya, himayədarlıq və mənəvi tənəzzüldə ittiham edib.
Necə bu qədər sürətlə yüksəldi?
Madyarın yüksəlişi müxalif “Partizán” YouTube kanalında verdiyi müsahibə ilə başlayıb. 10 milyon əhalisi olan ölkədə bu müsahibəni 1 milyondan çox insan izləyib və o, sistemdən niyə ayrıldığını izah edib.
Bundan sonra Madyar sıfırdan siyasi hərəkat quraraq geniş kampaniyaya başlayıb. 100-dən çox yerdə çıxış edib, gündə bir neçə mitinq keçirdi və bütün seçki bölgələrinə çatmağı hədəfləyib. Budapeştdən Rumıniya sərhədinə qədər təxminən 300 km piyada yeriyib.
Onun “İndi ya da heç vaxt” şüarı sonradan sadəcə “İndi” kimi istifadə olundu. Madyar “Tisza” partiyasının lideri kimi qısa müddətdə siyasi tarazlığı dəyişib. Avropa Parlamenti seçkilərində 29,6% səs toplayaraq ciddi uğur qazanıb.
Madyarın vədləri və siyasi xətti
Madyarın kampaniyası əsasən iqtisadi problemlər və korrupsiya iddiaları üzərində qurulub. Yüksək inflyasiya, yaşayış xərcləri və gəlir bərabərsizliyi kimi mövzular seçicilər arasında geniş dəstək tapıb.
O, Orbanın ətrafında zənginləşən şəxslərin mühakimə olunacağını bildirərək sərt şüarlarla diqqət çəkib.
Xarici siyasətdə isə daha balanslı mövqe tutur: Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq və dondurulmuş fondları açmaq istəyir, amma tam şəkildə Brüssel xəttinə də yaxınlaşmır.
Eyni zamanda ucuz Rusiya enerjisinin qorunmasını və Qərb investorları üçün daha sabit iqtisadi mühit yaratmağı vəd edir.